
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu münasibətlərin möhkəmlənməsi, qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi hava limanında şəxsən qarşılaması və eyni təntənə ilə yola salması, diplomatik protokol baxımından yüksək diqqət və ehtiramın göstəricisi olmaqla yanaşı, iki qardaş dövlət arasında formalaşan dərin siyasi və mənəvi bağların bariz ifadəsidir. Bu hadisə təkcə diplomatik jest deyil, həm də Orta Asiya və Cənubi Qafqaz regionlarında yaranan yeni geosiyasi reallığın təzahürüdür. Prezident Tokayevin nümayiş etdirdiyi bu münasibət, Azərbaycan Prezidentinin regiondakı nüfuzuna və roluna verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin görüş və mətbuat konfransı zamanı Prezident İlham Əliyevi “görkəmli lider” adlandırması xüsusi siyasi məna daşıyır. Bu ifadə sadəcə diplomatik nəzakət çərçivəsində deyil, həm də Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan siyasətə verilən səmimi qiymətin ifadəsidir.
Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev iki ölkə arasında gündən-günə möhkəmlənən qardaşlıq münasibətlərinə toxunub. Cənab Prezident qeyd edib ki, Qazaxıstanı mütəmadi ziyarət edirəm və Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə görürəm. Prezidentin modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlar son illər Qazaxıstanın inkişaf və modernləşdirilmə yolunda inamla irəlilədiyini nümayiş etdirir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.
Ölkəmizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına toxunaraq qeyd edib ki, “Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq. Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Cənab Prezident qeyd edib ki, “Ölkələrimiz ənənəvi olaraq bir-birini, - istər BMT, istərsə də digər təşkilatlar olsun, - beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir. Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir. Həmçinin Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir”.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi layihəsinə diqqət çəkərək bilidirb ki, “Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq”.