
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Müsahibədə səslənən fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri artıq sadəcə dostluq və tərəfdaşlıq çərçivəsində deyil, möhkəm siyasi iradəyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan müttəfiqlik səviyyəsində inkişaf edir.
Azərbaycan və Özbəkistanı birləşdirən bağların kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Ortaq tarix, türk kimliyi, dil və mədəni yaxınlıq, mənəvi dəyərlər və xalqlar arasında formalaşmış qarşılıqlı rəğbət bu münasibətlərin təməlini təşkil edir. Məhz bu möhkəm mənəvi zəmin son illərdə dövlətlərarası əlaqələrin sürətli inkişafına ciddi təkan verib.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistan arasında siyasi dialoq hazırda ən yüksək səviyyədədir. Son beş ildə dövlət başçıları arasında keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər və intensiv təmaslar münasibətlərin ardıcıl və dinamik inkişafını təmin edib. Azərbaycan Prezidentinin Özbəkistana səfərləri, eləcə də Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmalar ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib.
Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin gələcək əməkdaşlığının istiqamətlərini müəyyənləşdirən mühüm sənədlər kimi diqqət çəkir. Bu sənədlər Azərbaycan və Özbəkistanın müstəqil, güclü və suveren dövlətlər kimi bir-birinə verdiyi siyasi dəstəyin hüquqi ifadəsidir.
Münasibətlərin institusional əsaslarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi üçün mühüm platformaya çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilmiş iclasları siyasi dialoqun davamlılığını və qarşılıqlı əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əsas dayaqlarından biri də iqtisadi əməkdaşlıqdır. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm göstəricidir. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması əlaqələrin iqtisadi ölçüsünün genişləndiyini göstərir.
İnvestisiya sahəsində də ciddi nəticələr əldə olunub. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti iki ölkənin biznes dairələri arasında əlaqələrin möhkəmlənməsinə, yeni layihələrin maliyyələşdirilməsinə və qarşılıqlı investisiyaların artırılmasına xidmət edir. Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda həyata keçirdiyi layihələr iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir.
Bu baxımdan “PASHA Holding” tərəfindən Daşkənddə həyata keçirilən layihələr, “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksi, həmçinin avtomobil istehsalı sahəsində əməkdaşlıq diqqəti xüsusilə cəlb edir. Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı” isə iqtisadi əməkdaşlığın həm də qardaşlıq və həmrəylik rəmzinə çevrilə biləcəyini nümayiş etdirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini daha da artırır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malik olması iki ölkəni Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərində təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat şəbəkələri ilə inteqrasiyası yeni iqtisadi imkanlar yaradır.
Yaşıl enerji sahəsində əməkdaşlıq da gələcəyin əsas istiqamətlərindən biridir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bərpaolunan enerjinin istehsalı və ixracı, o cümlədən Xəzər dənizinin dibi ilə enerji nəqli imkanlarının araşdırılması regionun enerji xəritəsində yeni perspektivlər açır.
Azərbaycan–Özbəkistan əlaqələrinin gücü yalnız siyasi və iqtisadi göstəricilərlə ölçülmür. İki xalq arasında mədəni-humanitar münasibətlər də ildən-ilə genişlənir. Mədəniyyət günləri, incəsənət festivalları, elmi tədbirlər, təhsil proqramları və digər layihələr xalqların bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin yaşadılmasına xidmət edir.
Özbəkistanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən birinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması iki xalq arasındakı mənəvi yaxınlığın diqqətəlayiq nümunəsidir. Bakıda yaradılacaq “Özbəkistan” parkı da bu qardaşlığın şəhər məkanında ifadə olunan rəmzlərindən biri olacaq.
Təhsil sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Qarşılıqlı tələbə mübadiləsi, Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin fəaliyyət göstərməsi iki ölkənin gələcəyə baxışının mühüm göstəricisidir. Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinə verdiyi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Media və vətəndaş cəmiyyəti sahələrində keçirilən forumlar da əlaqələrin yeni istiqamətlərini formalaşdırır. Azərbaycan və Özbəkistan media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının qarşılıqlı təmasları ictimai diplomatiyanın imkanlarını genişləndirir. QHT-lər üçün birgə qrant müsabiqəsinin keçirilməsi isə bu əməkdaşlığın artıq praktiki nəticələrə çevrildiyini göstərir.
Turizm sahəsində də müsbət dinamika müşahidə olunur. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması iki ölkə xalqlarının qarşılıqlı marağının gücləndiyini göstərir. Eyni zamanda, Bakı ilə Daşkənd, Şuşa ilə Xivə, Naxçıvan ilə Ürgənc və digər şəhərlər arasında qardaşlaşma təşəbbüsləri xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətdir. Hər iki ölkə TDT-ni yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, həm də ortaq türk tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunduğu mühüm birlik kimi qiymətləndirir. Türk dünyasının inteqrasiyasının gücləndirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Azərbaycan və Özbəkistanın mövqeləri böyük ölçüdə üst-üstə düşür.
Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü olması da bu baxımdan mühüm hadisədir. Bu addım Türk dünyasının ortaq mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyması isə regional əməkdaşlığın coğrafiyasını genişləndirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı nəticəsində əvvəllər “C5” kimi formalaşmış regional əməkdaşlıq formatının “C6” məzmunu qazanması Azərbaycanın regionla əlaqələrinin strateji əhəmiyyətini nümayiş etdirir.
Bu proses Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında fəal və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini göstərir. Bakı ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar bağların güclənməsi yeni regional əməkdaşlıq imkanları yaradır.
Bütün bunların fonunda Azərbaycan–Özbəkistan münasibətlərini yalnız iki dövlət arasındakı ikitərəfli əlaqələr kimi qiymətləndirmək kifayət deyil. Bu münasibətlər türk dünyasının güclənməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin dərinləşməsi və Avrasiyanın nəqliyyat, enerji və iqtisadi xəritəsinin yenidən formalaşması baxımından daha geniş geosiyasi məna daşıyır.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən də aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri möhkəm tarixi təməllər üzərində qurulub və müasir dövrün çağırışlarına uyğun olaraq yeni məzmun qazanır. Siyasi etimad iqtisadi tərəfdaşlıqla, iqtisadi əməkdaşlıq humanitar əlaqələrlə, ikitərəfli münasibətlər isə Türk dünyasının ümumi maraqları ilə tamamlanır.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri həm dövlətlərimizin, həm də xalqlarımızın ortaq iradəsini ifadə edən nümunəvi tərəfdaşlıq modelinə çevrilib. Qarşılıqlı etimad və strateji baxış davam etdikcə bu qardaşlığın daha da möhkəmlənəcəyi, yeni layihələrlə zənginləşəcəyi və Azərbaycanla Özbəkistanın regional əməkdaşlığın aparıcı qüvvələrindən biri kimi mövqelərini daha da gücləndirəcəyi şübhəsizdir.