Qərbi Azərbaycandan olan sakinlərimiz ziyarət ediliblər

Culfa rayonunun Şurud kəndində yaşayan Qərbi Azərbaycandan olan 87 yaşlı Quliyev Ələmqulu Ramazan oğlu və həyat yoldaşı Cəfərova Roza Ağa qızı Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və icra hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olunublar.

Söhbət zamanı Ələmqulu dayı bildirib ki, həm özü, həm də Roza xanım Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olublar. 1963-cü ildə ailə həyatı qurduqdan bir müddət sonra, 1970-ci ildə üç övladı ilə birlikdə doğma yurdlarını tərk edərək Culfa rayonunun Şurud kəndinə köçməyə məcbur olublar.

7 övlad, 28 nəvə və 12 nəticə sahibi olan Ələmqulu dayı doğulub boya-başa çatdığı torpaqlardan danışaraq, ata-baba yurduna qayıtmaq arzusunu dilə gətirib. Yurd həsrəti ilə yaşayan Ələmqulu dayı doğulduğu torpaqlara olan sevgisinin heç zaman sönmədiyini və böyük ümidlə geri dönüş gününü gözlədiyini bildirib.