Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə beynəlxalq ictimaiyyət üçün mühüm mesaj oldu

Ölkəmizin başçısı cənab İlham Əliyev 26 avqust 2025-ci ildə Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibə verib. Müsahibə zamanı cənab Prezident bir sıra mühüm regional və beynəlxalq məsələlərə toxunaraq Azərbaycan dövlətinin mövqeyini aydın və dolğun şəkildə ifadə edib. Dövlət başçısı suallara qətiyyətlə və açıq cavab verməklə, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə baş verən hadisələrə münasibətini sərgiləyib. Müsahibədə əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərinə, sülh prosesinə, Zəngəzur dəhlizinə, regionda aparılan nəqliyyat və enerji siyasətinə, eyni zamanda Rusiya ilə əlaqələrə yönəlib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman beynəlxalq hüquqa əsaslanan sülh siyasətini dəstəklədiyini bildirib, lakin ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsində heç bir güzəştin mümkün olmadığını qətiyyətlə bəyan edib.

Cənab Prezident bildirdi ki, Avqustun 8-də Vaşinqtonda Prezident Trampın iştirakı ilə baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir. “Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü. Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Birinci Qarabağ müharibəsi haqqında bir az danışdım, amma bilirsiniz, bizimlə baş verənləri təsvir etmək üçün ola bilsin günlər, hətta aylar lazım olar. Orada etnik təmizləmə aparıldı, Xocalı soyqırımı baş verdi, günahsız insanlar öldürüldü. Hələ də itkin düşmüş 3000-dən çox insanımız var və bütün bu hadisələr Azərbaycanda güclü emosional hisslərə səbəb oldu. 2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi. Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.

Ölkəmizin başçısı Minsk qrupu haqqında danışarkən bildirdi ki, “Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir”.

Cənab İlham Əliyev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində öz dədə-baba yurdundan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza diqqət çəkərək qeyd etdi ki, “Məcburi köçkünlərə gəlincə, Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını həyata keçirdik, çünki onların tam əksəriyyəti on ildən artıq müddətdə çadır düşərgələrində yaşayırdı. Prezident seçildiyim andan çadır düşərgələrinin ləğvi prosesinə başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Buna baxmayaraq, minlərlə, on minlərlə soydaşımız uzun illər çox ağır şəraitdə yaşamaqda davam edirdi. Hazırda isə “Böyük Qayıdış” Proqramı çərçivəsində onların doğma yurdlarına qayıdışı prosesinə start verilib. Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.

“Tramp marşrutu” Azərbaycana hansı mərhələləri vəd edir sualına cavabında ölkəmizin başçısı bildirib ki, “Bunun üçün bir qədər tarixə nəzər salmalıyam və izah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı. Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar. Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır. İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik. Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür. Bir daha demək istəyirəm ki, Azərbaycanın iki hissəsini birləşdirən bütün infrastruktur bizim ərazimizdə artıq yaradılır. Amma bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir. Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq. İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”.

Cənab Prezident Azərbaycan-İran münasibətləri və Zəngəzur dəhlizinin İran üçün perspektivləri haqqında verilən suala cavabında bildirib ki, “Biz İran prezidenti ilə çox yaxşı işgüzar münasibətlər qurmuşuq. İran Prezidenti Azərbaycana iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq. O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır. Bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur. Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən. Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir. Yeri gəlmişkən, bu beş il ərzində Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə - “Araz dəhlizi” adlanırdı. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırır. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan-Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra yenidən Naxçıvana daxil olursunuz. Belə ki, bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq - bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək. Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir. Deməli, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək”.

Ölkəmizin başçısı Azərbaycan-Rusiya münasibətlərinə də çox açıq və dolğun şəkildə fikir bildirib: “Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi. Sizə yenə də İkinci Qarabağ müharibəsindən bir misal çəkə bilərəm. Müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq. Lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik. Rusiyanın Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.

Cənab İlham Əliyev Azərbaycan-Suriya, Suriya-İsrail münasibətləri haqqında da geniş fikir bildirdi: “Prezident Əsədin hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi. Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur. Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb. Sonra da elektrik enerjisi qıtlığı məsələsi diqqətimizə çatdırıldı və biz də necə yardımçı ola biləcəyimiz haqqında düşünməyə başladıq. Bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu. Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzrə razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək. İsrail Suriyanın bütövlüyünə hörmət edərək, bu normallaşmaya razı olub sualına gəlincə, bəli, sözsüz. Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Bizim bununla bağlı mövqeyimiz birmənalıdır. Yenə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı müzakirə etdiklərimizə qayıdaraq deyim ki, biz Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəklədik və dəstəkləməyə davam edirik. Əlbəttə ki, Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Söhbət təkcə hüquqi baxımdan bütövlükdən və sərhədlərə nəzarətdən getmir, söhbət fiziki birlikdən gedir. Ölkənin mərkəzləşdirilmiş sistemi, yaxud ən azından siyasi təsisatlarla bağlı fəaliyyət göstərən bir sistemi olmalıdır. Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq - istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”. 

Cənab Prezident həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı, Türk Dövlətləri Təşkilatı, Azərbaycan-Türkiyə və Azırbaycan-ABŞ münasibətləri haqqında da sualları cavablandırmaqla ölkə və beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi.