
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr” və “Payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi” mövzularında seminar-müşavirə təşkil olunub.
Tədbirdə Culfa Rayon Elektrik Şəbəkəsinin direktoru Şahin Allahverdiyev və Culfa Rayon Qaz İstismar İdarəsinin rəisi Məhəmməd Xuduşlu çıxış edərək qarşıdan gələn mövsümlə əlaqədar görülən texniki hazırlıq işləri, mövcud vəziyyət və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat veriblər.
Seminarda həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov və Nazirliyin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəis müavini Vəli Cəfərov da çıxış ediblər. Onlar əhalinin təhlükəsizliyinin təmin olunması, xüsusilə dəm qazından zəhərlənmə, yanğın və digər bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan profilaktik tədbirlər barədə ətraflı məlumat verərək müvafiq tövsiyələrini bildiriblər.
Sonda Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək aidiyyəti qurumlara tapşırıqlar verib. Sara xanım bildirib ki, qarşıdan gələn qış aylarında əhalinin heç bir problemlə qarşılaşmaması üçün bütün zəruri tədbirlər vaxtında və koordinasiyalı şəkildə həyata keçirilməlidir.