Ölkəmizin rəhbəri müsahibəsində ictimaiyyəti düşündürən çoxlu məsələlərə aydınlıq gətirməklə yanaşı qeyd edib ki, hələ də dünyanın bir sıra aparıcı ölkələri Azərbaycana qarşı ikili standartlardan əl çəkmirlər. Prezident İlham Əliyev iqtisadi uğurlar haqqında danışarkən bildirib ki, “Dünyada yaşanan problemlərə baxmayaraq keçən il də Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Həmçinin nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
Ölkə başçısı hazırkı dövlət büdcəsi və ümumi daxili məhsul haqqında danışarkən qeyd edib ki, “Keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik. Keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Həmçinin ümumi daxili məhsulun xarici borca olan nisbətinə nəzər saldıqda da görürük ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Bu gün valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur”.
Cənab Prezident bildirb ki, “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Belə ki, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda böyük problemi olan ölkədə bu sahəyə də diqqət yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, “Daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi. Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə səfər etdi - tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10 şikayətimiz var idi və onlar dərhal həll edildi”.
Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin”. Cənab İlham Əliyev qeyd edib ki, ”Namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. Biz əlbəttə ki, üzv ölkələrlə daha sıx təmasda olacağıq. Halbuki bu günə qədər də bütün üzv ölkələrlə bizim çox fəal münasibətlərimiz var. Biz bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edirik və yenə də deyirəm, bu, sadəcə olaraq, birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, bizim öz fikirlərimiz, öz gündəliyimiz var. Biz üzv ölkələrlə daim təmasda olaraq öz təkliflərimizi verəcəyik. Düşünürəm ki, D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Hesab edirəm ki, bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq və ola bilsin ki, digər ölkələr dəvət ediləcək. Əlbəttə ki, bu məsələlərə konsensus əsasında baxılacaq”.
Prezident İlham Əliyev müsahibə zamanı dünyada baş verən geosiyasi proseslərə diqqət çəkərək vurğulayıb ki, “İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Belə ki, ikinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir”.
Przident bildirib ki, “Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.
Cənab İlham Əliyev Azərbaycan-Ermənistan arasındakı mümkün sülh müqaviləsi haqqında danışarkən bildirib ki, ”İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil. Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. Həmçinin Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.