Ölkəmizin başçısı cənab İlham Əliyev aprel ayının 21-də Çinin Sinxua agentliyə müsahibə verib.

Bu gün dünyanın bir çox ölkəsi Azərbaycanla bütün sahələr üzrə əlaqələr qurmaqda maraqlıdır. O cümlədən güc mərkəzi hesab olunan dövlətlər də. Təbii olaraq Azərbaycanın da məqsədi dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibət yaratmaq və iqtisadi, siyasi əlaqələri genişləndirməkdən ibarətdir. Bu ölkələrin içərisində tarixi keçmişə dayanan dostluq əlaqələrinin olduğu Çin Xalq Respublikası ilə münasibətlərin mövcudluğu ölkəmiz üçün daima pioritet hesab olunub. Ölkələrimiz arasındakı diplomatik münasibətlər ilk dəfə 1992-ci ilin aprelində qurulub. Belə ki, 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda, 1993-cü ilin sentyabrında isə Azərbaycanın Pekində səfirliyi açılıb. Qədim İpək yolu vasitəsi ilə qurulan əlaqələr əsrlər keçdikcə güclənərək, dostluq münasibətlərinin yaranmasına səbəb olub. Son 32 ildə əlaqələrimiz daha da möhkəmlənib və ölkələrimizin rifahı naminə müxtəlif sahələrdə daha da inkişaf edib.

Ölkəmizin başçısı Prezidenti İlham Əliyev də qədim tarixi olan Çinlə əlaqələrin inkişafına hər zaman xüsusi diqqət ayırıb və bu yöndəki fikirilərini hər fürsətdə dilə gətirib. Belə ki, aprelin 21-i cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsi zamanı bir çox məqamlara toxunub və 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə toxunaraq qeyd edib ki, “1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim." 

Cənab İlham Əliyev müsahibə zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb və bildirib ki, “İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Həmçinin ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər.”

Bu gün Azərbaycan-Çin münasibətləri bütün sahələr üzrə, xüsusən də iqtisadi-ticari əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Bunun əyani sübutu kimi Çinin son illər Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilməsidir. Cənab Prezident də müsahibəsi zamanı bildirib ki, “Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. ÇXR-ə səfərim ərəfəsində Bakıda Komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır.”

Ölkəmizin başçısıs Azərbaycanın ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu nəzərə çatdırıb və qeyd edib ki, “Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.”