İnsanları bir-birindən bilik, bacarıq, düşüncə, zəka, gözəllik və.s xüsusiyyətlər fərqləndirir. Lakin bunların içində ən ali keyfiyyətlərdən biri xeyirxahlıqdır. Xeyirxah insan heç bir qarşılıq gözləmədən yaxşılıq etməyi, insanlara yardımçı olmağı öz həyatının amalına çevirir. Onlar kədəri sevincə çevirən gizli qəhrəmanlardır. Akademik Zərifə Əliyeva da məhz belə insanlardan biri idi. Onun adı deyiləndə ağıla ilk gələn mərhəmət, xeyirxahlıq və adı kimi zəriflik olur. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda həkim işləyir və bununla yanaşı elmi axtarış fəaliyyəti ilə də məşğul olur. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası Zərifə xanıma “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını vermişdir.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılır. Ona görə də bu infeksiya və onun nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Hətta bu xəstəliyinin daha geniş yayıldığı rayonlara gedərək həkim-oftalmoloqlara məruzələr oxumaqla həkimlərin peşəkarlıq səviyyəsinin artırılmasında əvəzzsiz xidmətlər göstərir. Beləliklə, Zərifə xanımımın elmi araşdırmaları nəticəsində gözlərdə yaranan traxoma xəstəliyinin sosial xəstəlik kimi ləğvinə nail olunur. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Məhz “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusu Zərifə xanımın namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Böyük alim, qayğıkeş insan yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmətlər göstərərək bir ana kimi kimsəsiz uşaqların da könüllərini fəth etməyi bacarır.
Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərdiyi illərdə traxoma ilə yanaşı qlaukoma xəstəliyinin də öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparırdı. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edirdi. Çünki bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsiri demək olar ki, elmi şəkildə tədqiq olunmurdu. Məhz Zərifə xanımın “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işindən sonra ona tibb elmləri doktoru elmi dərəcəsi verilir. Professor Zərifə xanım Əliyevanın bu istiqamətdə apardığı araşdırmaların nəticələri mətbuatda dərc olunduqdan sonra bu sahədə çalışan həkimlərin biliklərinin genişlənməsinə böyük töhfə verir.
Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Görkəmli professorun daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım Əliyeva həmçinin fundamental “Terapevtik oftalmologiya” kitabının da müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Onun “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafat olan – SSRİ Tibb Elmləri Akademiyasının akademiki Mixail İosifoviç Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın olaraq da adını tarixə yazdırmışdır.
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında:
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”
Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında:
“Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”