Növbəti səyyar vətəndaş qəbulu Qazançı və Qızılca kəndlərində olub

Culfa Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə operativ baxılması və məmnunluğun təmin olunması istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə Qazançı və Qızılca kəndlərində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda icra hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, aidiyyəti idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər. Görüş zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə yerində tanış olunub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəziləri isə nəzarətə götürülərək araşdırılması üçün müvafiq tapşırıqlar verilib. İcra hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən sakinlər yaradılan şəraitə və müraciətlərinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.