Naxçıvan Muxtar Respublikasının şəhər və rayon tam orta məktəblərində təhsil alan IX, X, XI sinif şagirdlərin hərbi sahədə (xüsusi təyinatlı təhsil müəssələrində) təhsil almasına təşviq edilməsi məqsədilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində yaradılmış işci qrup tərəfindən maarifləndirici təbliğat tədbirləri həyata keçirilir.
Bu məqsədlə ilk təşviqedici görüş Culfa rayon məktəbliləri ilə keçirilib. Rayon Mədəniyyət Sarayı və Bənəniyar kənd məktəbində təşkil olunan tədbirlərdə Naxçıvan Hərbi Kollecinin və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən şagirdlərə xüsusi təyinatlı təhsil müəssələrinə sənəd qəbulunun şərtləri, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirici tədbirlər aprel ayının 24-dək davam etdiriləcək. Aprelin 26-da isə Naxçıvan Hərbi Kollecində şagirdlər üçün “Açıq qapı” gününün təşkil olunması nəzərdə tutulub.