Naxçıvan inkişafın yeni mərhələsində

Ölkəmizin Prezidenti cənab İlham Əliyevin dünən Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə muxtar respublikaın gələcək inkişaf perspektivlərini bütün istiqamətləri ilə ortaya qoyan mühüm siyasi və strateji mesajlarla zəngin oldu. Dövlət başçısının səfər çərçivəsində iştirak etdiyi tədbirlər, təməli qoyulan yeni layihələr və müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Naxçıvanın inkişafı artıq yalnız muxtar respublikanın daxili sosial-iqtisadi məsələsi çərçivəsində deyil, Azərbaycanın ümumi inkişaf strategiyasının, regional təhlükəsizlik və nəqliyyat-enerji siyasətinin mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. Hər səfər konkret layihələr, yeni qərarlar və gələcəyə hesablanmış hədəflərlə müşayiət olunur. 11 avqust səfərinin də əsas xüsusiyyəti məhz bundan ibarət idi ki, Naxçıvanın bu günü ilə yanaşı, qarşıdakı illərin inkişaf modelinin konturları müəyyənləşdirildi. Son illər Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın sosial-iqtisadi simasını əhəmiyyətli dərəcədə dəyişib. Lakin Prezidentin müsahibəsində səslənən fikirlər göstərir ki, görülən işlər yekun mərhələ deyil, daha böyük inkişaf prosesinin başlanğıcıdır. “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” mesajı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni sənaye müəssisələrinin yaradılması, enerji istehsalının artırılması, kənd təsərrüfatının inkişafı, suvarma imkanlarının genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, turizm imkanlarının artırılması, sosial obyektlərin tikintisi və şəhərsalma layihələri Naxçıvanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına xidmət edir. Bu siyasətin əsas məqsədi isə Naxçıvanda iqtisadi fəallığı artırmaq, yeni iş yerləri yaratmaq, investisiya imkanlarını genişləndirmək və əhalinin rifahını yüksəltməkdir. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Prezidentin qeyd etdiyi kimi, ərazi baxımından bu park Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olacaq. Deməli, Naxçıvan qarşıdakı dövrdə yalnız istehlak və xidmət məkanı deyil, həm də istehsal və ixrac imkanları olan sənaye mərkəzinə çevrilmək istiqamətində addımlayır. Naxçıvanın inkişaf strategiyasında təhlükəsizlik məsələsi xüsusi yer tutur. Prezident müsahibəsində bir daha vurğuladı ki, muxtar respublikanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət göstərilməsini zəruri edir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması da məhz bu yanaşmanın nəticəsi kimi təqdim edildi. Müasir hərbi texnika ilə təchizat, yeni komando qüvvələrinin yaradılması və hərbi potensialın gücləndirilməsi Naxçıvanın müdafiə imkanlarının daha da artırıldığını göstərir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri isə ölkəmizin hərbi qüdrətinin regional təhlükəsizlik baxımından əhəmiyyətini bir daha ortaya qoyur. Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, təhlükəsizlik yalnız hərbi güclə məhdudlaşdırılmır. Müasir dünyada enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizlik də milli təhlükəsizliyin ayrılmaz komponentləridir. Naxçıvanın gələcəyi ilə bağlı müsahibənin ən diqqətçəkən istiqamətlərindən biri enerji məsələsi idi. Bu gün muxtar respublikanın mövcud generasiya gücü təqribən 200 meqavat səviyyəsindədir. Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə generasiya imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu layihənin iki əsas məqsədi var: Naxçıvanın dayanıqlı enerji təminatını gücləndirmək və gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını genişləndirmək. Başqa sözlə, Naxçıvanın enerji siyasətində “enerji çatışmazlığının qarşısının alınması” mərhələsindən “enerji istehsal edən və ixrac edən region” mərhələsinə keçid nəzərdə tutulur. Naxçıvanın Günəş enerjisi potensialı olduqca böyükdür. Aparılan təhlillər nəticəsində muxtar respublika Günəş elektrik enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli məkanlarından biri kimi qiymətləndirilir. Artıq yüzlərlə meqavat gücündə yeni Günəş elektrik stansiyalarının yaradılması üçün ərazilər müəyyənləşdirilib. Prezidentin səsləndirdiyi rəqəmlər gələcək perspektivin miqyasını göstərir: Naxçıvanda yalnız Günəş elektrik enerjisi istehsalı 500 meqavatdan, hətta 1000 meqavatdan çox ola bilər. Bu isə Naxçıvanın enerji xəritəsində rolunun tamamilə yeni səviyyəyə yüksəlməsi deməkdir. Muxtar respublikada Günəş və su elektrik stansiyalarının yaradılması, Tivi kəndində 15 meqavatdan bir qədər artıq gücə malik su elektrik stansiyasının layihəsinin davam etdirilməsi və batareya enerji saxlanc sistemlərinin qurulması vahid enerji strategiyasının tərkib hissəsidir. Naxçıvanda birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması ilə bağlı göstəriş də təsadüfi deyil. Bərpaolunan enerjinin əsas xüsusiyyətlərindən biri istehsalın hava şəraitindən asılı olmasıdır. Enerji saxlanc sistemləri isə istehsal olunan enerjinin daha səmərəli idarə edilməsinə imkan yaradır. Beləliklə, Naxçıvan tədricən yalnız elektrik enerjisi istehlak edən region deyil, enerjinin istehsal edildiyi, saxlandığı, ötürüldüyü və gələcəkdə ixrac edildiyi mühüm mərkəzə çevrilə bilər. Prezidentin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər isə Naxçıvanın gələcək inkişafının ən mühüm strateji istiqamətlərindən birini təşkil edir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması uzun illərdir dövlət siyasətinin əsas hədəflərindən biridir. Prezident 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə istinad edərək bu prosesin tarixçəsini geniş şəkildə izah etdi. Onun fikrincə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsi həmin sənəddə öz əksini tapıb və sonrakı illərdə Azərbaycanın əsas məqsədlərindən biri bu istiqamətdə praktiki nəticəyə nail olmaq olub. 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalar fonunda isə bu layihənin yeni mərhələyə daxil olduğu vurğulandı. TRIPP layihəsinin icrasına başlanılması Naxçıvanın nəqliyyat imkanlarının gələcəkdə daha geniş coğrafiyaya bağlanması baxımından mühüm hadisədir. Burada əsas məsələ yalnız Azərbaycanı Naxçıvanla birləşdirən yolun yaradılması deyil. Söhbət Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi mühüm bir logistika məkanının formalaşdırılmasından gedir. Prezidentin müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana daxil olan nəqliyyat xətti daha sonra Culfa üzərindən İran istiqamətinə bağlana bilər. Bu isə Azərbaycanın İranla ikinci dəmir yolu bağlantısının yaranmasına imkan verəcək. Digər tərəfdən, Naxçıvanın Şərq-Qərb dəhlizinin bir qolu kimi çıxış etməsi onun Türkiyə və Avropa istiqamətində rolunu artıracaq. Beləliklə, Naxçıvan gələcəkdə təkcə regional deyil, beynəlxalq tranzit əhəmiyyətli logistika mərkəzlərindən birinə çevrilmək imkanına malikdir. Ölkəmizin başçısı qeyd etdi ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayıb. Belə ki, burada yetişən görkəmli şəxsiyyətlər, xalqın Vətənə bağlılığı və regionun strateji mövqeyi bu diyarın əhəmiyyətini daha da artırır. Bu baxımdan Naxçıvanın inkişafı yalnız bir regionun sosial-iqtisadi tərəqqisi deyil. Bu inkişaf Azərbaycanın dövlətçilik tarixinin mühüm bir parçasının gələcəyə daşınmasıdır. Cənab Prezident bildirdi ki, Naxçıvanın iqtisadi inkişafında kənd təsərrüfatının xüsusi əhəmiyyəti var. Su qıtlığı və əkin sahələrinin suvarılması məsələsi muxtar respublikanın kənd təsərrüfatı üçün ən mühüm problemlərdən biri olduğundan, yeni Dövlət Proqramında bu sahəyə xüsusi diqqət yetirilməsi mühüm addımdır. Artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və hazırda suvarılmayan torpaqlara suyun çatdırılması kənd təsərrüfatının məhsuldarlığını artırmaq üçün yeni imkanlar yaradacaq. Bu layihələrin həyata keçirilməsi Naxçıvan kəndinin sosial-iqtisadi həyatına da birbaşa təsir göstərə bilər. Turizmin Naxçıvanın iqtisadi potensialının mühüm istiqamətlərindən olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdi ki, qədim tarixi, memarlıq abidələri, dağlıq relyefi, mineral suları, təmiz havası və təbiəti Naxçıvanı turizm baxımından cəlbedici məkana çevirir. Lakin turizmin inkişafı üçün yalnız təbii və tarixi imkanların olması kifayət deyil. Müasir turizm infrastrukturu da lazımdır. Bu baxımdan Naxçıvan şəhərinin mərkəzində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması əhəmiyyətli addımdır. 11 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə bir çox baxımdan Naxçıvanın gələcək inkişaf strategiyasının geniş mənzərəsini ortaya qoydu. Belə ki, Naxçıvan qarşıdakı dövrdə yalnız Azərbaycanın qədim və ayrılmaz tərkib hissəsi kimi deyil, həm də enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və təhlükəsizlik baxımından xüsusi strateji əhəmiyyətə malik inkişaf məkanı olacaq.