Milli qürurumuzun Zəfər Günü

 “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 

Azərbaycanın Zəfərə gedən yolu heç də asan olmayıb. 1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində torpaqlarımız işğal edilmiş, şəhər və kəndlərimiz dağıdılmış, minlərlə soydaşımız həyatını itirmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal altında olan ərazilərimizdə tarixi və dini abidələrimiz dağıdılmış, milli-mədəni irsimizə ciddi ziyan vurulmuşdur. Lakin Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarına qayıtmaq və ərazi bütövlüyünü bərpa etmək əzmindən dönməmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi və hərbi qüdrətini artırmış, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilmiş, müasir silah və hərbi texnika ilə təchizatı təmin edilmiş, milli hərbi sənaye kompleksi formalaşdırılmışdır. Eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, transmilli layihələrin həyata keçirilməsi və diplomatik əlaqələrin genişləndirilməsi Azərbaycanın strateji imkanlarını daha da artırmışdır. Bütün bunlar torpaqlarımızın azad edilməsinə hesablanmış vahid dövlət strategiyasının tərkib hissəsi idi. Uzun illər davam edən danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələrinin icra edilməməsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün qətiyyətli addımlar atmasını zəruri edirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və tarixə “Dəmir yumruq” əməliyyatı kimi düşən Vətən müharibəsi xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu.

44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək şəhər və kəndlərimizi, strateji yüksəklikləri bir-birinin ardınca işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi ilə başlayan qələbə yürüşü noyabrın 8-də Şuşanın azad olunması ilə tarixi zirvəsinə çatdı. Şuşanın azad edilməsi hərb tariximizin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, düşmənin müqavimətini qıran həlledici hadisəyə çevrildi.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli Bəyanat imzalandı və hərbi əməliyyatlar dayandırıldı. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan 44 günlük müharibədə hərbi və siyasi qələbə qazanaraq ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticəyə nail oldu. Bu Qələbənin əsas dayaqlarından biri xalqımızın sarsılmaz birliyi idi. Müharibə dövründə ölkə vətəndaşları vahid amal ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında dayandılar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar informasiya mübarizəsində fəallıq göstərdilər. Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. “Dəmir yumruq” milli birliyin, həmrəyliyin və gücün rəmzinə çevrildi.

2020-ci ildə əldə edilən tarixi Qələbənin məntiqi davamı olaraq 2023-cü ildə Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Həmin il aprelin 23-də Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsinin qurulması dövlət sərhədlərimiz üzərində nəzarətin təmin edilməsi baxımından mühüm addım oldu. 2023-cü il sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpası və qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Bir gündən az davam edən əməliyyat nəticəsində ölkəmiz öz suverenliyini bütün ərazisində təmin etdi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi yadda qaldı.

2020-ci il dekabrın 3-də Prezidentin Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan olundu. Vətən müharibəsində göstərilən qəhrəmanlıq və xidmətlərə görə müxtəlif orden və medallar təsis edildi, hərbçilərimiz yüksək dövlət təltiflərinə layiq görüldülər. Bakıda Hərbi Qənimətlər Parkı, Zəfər parkı və Zəfər muzeyi yaradıldı. Bu məkanlar xalqımızın qəhrəmanlıq tarixinin, şəhidlərimizin xatirəsinin və tarixi Qələbəmizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. Böyük Qayıdış ölkəmizin 2030-cu ilədək müəyyən olunmuş beş Milli Prioritetindən biri kimi müəyyənləşdirildi. Proqramın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışını, həmin ərazilərdə müasir yaşayış və məşğulluq imkanlarının yaradılmasını təmin etməkdir. 2026-cı il oktyabrın 23-dək işğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşayış məntəqələrinə 10 min 114 ailədən ibarət 40 min 922 nəfərin qayıdışı təmin edilib. Ümumilikdə 47 yaşayış məntəqəsində – 10 şəhər, 3 qəsəbə və 34 kənddə məskunlaşma həyata keçirilib. Hazırda azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Qarabağ Universitetində 3330-dan çox tələbənin təhsil alması bu torpaqlarda elmi və təhsil həyatının da yenidən canlandığını göstərir.

Vətən müharibəsində qazanılmış Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və hərbçilərimizin misilsiz fədakarlığı dayanır. Buna görə də şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Müharibədən sonrakı dövrdə şəhid ailələrinin üzvlərinin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, sosial ödənişlərlə əhatə olunması, tibbi və reabilitasiya xidmətlərinin göstərilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. 2026-cı ilin oktyabr ayına olan məlumata görə, şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilib, onlara 7354 mənzil və 586 avtomobil təqdim olunub. “YAŞAT” Fondu tərəfindən də şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə 96 milyon manata yaxın vəsait yönəldilib. Bütün bunlar dövlətimizin Vətən uğrunda canından keçən qəhrəman övladlarının ailələrinə, sağlamlığını itirmiş qazilərimizə göstərdiyi yüksək ehtiramın və qayğının təzahürüdür.

Azərbaycanın tarixi Qələbəsi regionda yeni reallıqlar yaratdı. Ölkəmiz müharibədən sonra da sülh və əməkdaşlıq gündəliyinə sadiqliyini nümayiş etdirərək Ermənistanla münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş və Birgə Bəyannamənin imzalanması bu prosesdə mühüm mərhələ oldu. Sülh sazişi layihəsinin paraflanması və regional kommunikasiyaların açılması ilə bağlı əldə edilən razılaşmalar regionda yeni əməkdaşlıq imkanları yaratdı. Həmçinin ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı proses 2025-ci il noyabrın 30-da yekunlaşdı.

Bu gün Azərbaycan Zəfərin yaratdığı yeni reallıqlar əsasında inkişaf edir. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Böyük Qayıdışın davam etdirilməsi və regional əməkdaşlığın genişləndirilməsi ölkəmizin gələcəyə inamla addımladığını göstərir.

P.S. Zəfərimiz şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı ilə əbədiləşib.