
Azərbaycan milli mətbuatının 150 illik yubileyi və Milli Mətbuat Günü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında “Əkinçi qəzeti - dövrün güzgüsü” mövzusunda tədbir təşkil olunub. Tədbirdən əvvəl iştirakçılar milli mətbuat gününə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə mətbuat tariximizi əks etdirən müxtəlif materiallar nümayiş olunub.
Tədbiri giriş sözü ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdir əvəzi Fizuli Hüseynli açaraq, qeyd edib ki, ölkəmizdə azad mətbuatın formalaşması məqsədilə müvafiq hüquqi bazanın yaradılması, mətbuatda senzuranın ləğvi, söz və fikir azadlığının təmin edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Sonrakı illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən bu istiqamətdə xeyli işlər görülmüş və ardıcıl tədbirlər bu gün də davam etdirilməkdədir.
Çıxış edənlər Azərbaycan mətbuatının tarixi və keçdiyi inkişaf yolu haqqında məlumat veriblər. Bildirilib ki, milli mətbuatımızın təməli 150 il əvvəl görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulub. Bu nəşr təkcə ilk mətbu orqan kimi deyil, həm də maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb.