Millətin varlığını onun dili sübut edir

Hər bir xalqın tarixində misilsiz xidmətlər göstərən dahi şəxsiyyətlər olur. Bu mənada bizim də xalqımız neçə-neçə tarixi şəxsiyyətlər yetişdirib və bunların içərisində Ümummilli Liderimiz Heydər Əliyevin adını xüsusi qeyd etmək lazımdır. Çünki Heydər Əliyev dühası 1960-cı illərin sonlarında Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra dövrün çətinliklərinə baxmayaraq, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, milli şüurumuzun, ana dilimizin qorunması yönündə apardığı məqsədyönlü siyasət xalqımızn unudulan milli ruhunu özünə qaytardı. Sadalananlar Ulu Öndərin Sovet hakimiyyəti illərində Azərbaycan xalqı qarşısında gördüyü işlərin kiçik bir hissəsidir. Çünki düşünülmüş milli özünüdərk uğrunda yürüdülən siyasət müstəqillik mübarizəsinin alovlandığı 80-ci illərin sonlarında özünü daha aydın şəkildə göstərdi. Məhz həmin vaxt xalqımız Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin əvəzolunmazlığını dərk etməyə başladı. 

Ulu Öndər Heydər Əliyevin xalqın gələcəyi naminə fəaliyyəti sadalanarkən ana dilimizin qorunub saxlanılması istiqamətində atdığı addımlar xüsusi qeyd olunmalıdır. Çünki bir milətin varlığını onun dili sübut edir. Belə bir incə məqam isə təbii olaraq dahi şəxsiyyətin diqqətindən kənarda qala bilməzdi. Sovet imperiyasının tərkibindəki respublikalarda xalqların ana dillərinin unudulması istiqamətində yürüdülən siyasət Azırbaycanda da tətbiq olunurdu. Buna baxmayaraq milli kimliyinə daima bağlı olan Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövürdə ana dilimizə olan sevgisini, hörmətini tədbirlərdə Azərbaycan dilində çıxış etməklə hər kəsə göstərirdi. Hansı ki, o illər bunu etmək çox böyük cəsarət tələb edirdi. Dahi şəxsiyyət həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstəriş verməklə, bir baxıma ana dilimizin təbliğatçısı rolunu oynayırdı. Bunlarla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə daha bir tarixi uğura imza atdı. Belə ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və təkidi ilə 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunur. Bununla da Azərbaycan ana dilinin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri oldu. Məhz bundan sonra Azərbaycanda gənclər sərbəst şəkildə ana dilində təhsil almağa başladılar, mətbuatda Azərbaycan dilində yazılara üstünlük verildi, televiziyada ana dilində verilişlərə daha çox yer verildi, yazıçılarımız milli dilimizdə əsərlər yazmağa başladılar. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi tarixə qızıl hərflərlə yazıldı. 

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. 

Ulu Öndər xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra da milli dilimizə qarşı daima həssas münasibət göstərərək uzaqgörən qərarlar vermişdir. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. 

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün ölkəmizin Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bunun bariz nümunəsi kimi 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzalanan Sərəncamı göstərmək olar. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

 

PS. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.