Mehriban xanım Əliyevanın doğum günüdür

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, ISESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycan cəmiyyətinin sosial, mədəni və humanitar inkişafında mühüm yer tutur.

2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə ölkədə və xaricdə yüzlərlə irimiqyaslı layihənin reallaşmasına nail olunub. Təhsil, səhiyyə, mədəniyyət, elm və sosial müdafiə sahələrində həyata keçirilən bu layihələr Azərbaycanın sosial siyasətinin daha da gücləndirilməsinə xidmət edir.

Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində uğurla fəaliyyət göstərir.

2017-ci ilin 21 fevralında Mehriban Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Mehriban Əliyeva beynəlxalq aləmdə Azərbaycan brendinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və humanitar siyasətin həyata keçirilməsində aparıcı rol oynayır. Onun fəaliyyəti ölkə vətəndaşlarının rifahına, dövlətin inkişafına və Azərbaycanın dünyada nüfuzunun möhkəmlənməsinə yönəlib.