Ləkətağ kəndində sakinlərlə görüş keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ləkətağ kəndində vətəndaşları qəbul edib. Görüşdə çıxış edən Naim Cahidzadə yerlərdə vətəndaş qəbullarının keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür görüşlər sakinlərin müraciət və təkliflərinin birbaşa dinlənilməsi, mövcud problemlərin yerində öyrənilməsi və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, bölgənin sosial-iqtisadi inkişafına xidmət edən mühüm layihələr reallaşdırılır. Həmçinin Culfa rayonunda qarşıda duran vəzifələr, kəndlərin infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və sakinləri narahat edən məsələlərin həlli istiqamətində görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlərin bir qismi ilə bağlı yerində müvafiq izahatlar verilib, digər məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.