
Tariximizin səhifələrində elə günlər var ki, millətin taleyinə işıq salan, ruhunu oyadan, yoluna nur saçan məqamlar kimi əbədi qalır. 22 iyul da məhz belə günlərdən biridir – bu tarixdə Azərbaycan xalqının mədəni və ictimai inkişafında mühüm mərhələ baş verir: "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatının əsası qoyulur.
1875-ci ilin 22 iyulunda, maarifin fədaisi, alim, publisist, ziyalı və xalq aşiqi Həsən bəy Zərdabi uzun illərin mübarizəsindən sonra hökumətdən icazə alaraq azərbaycanlılara xitab edən, onların dərdini öz dilində yazan qəzetin – “Əkinçi”nin nəşrinə başlayır. Bu, sadəcə qəzet deyildi, həmçinin bir xalqın oyanış sədası, milli kimliyin təntənəsi, cəhalətə qarşı qaldırılan maarif bayrağı idi.
Bu ağır və məşəqqətli yolda Həsən bəy tək deyildi. Onun yanında qələm dostları – Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi maarifpərvər ziyalılar da yer alırdı. Onlar cəmiyyətin səssiz kütləsini oyatmağa, savadsızlıqla, fanatizmlə mübarizəyə qalxmışdılar. “Əkinçi” iki il ərzində cəmi 56 nömrə çıxsa da, bu yazılar millətin ruhunda dərin iz qoydu. Zərdabi qəzetin həm redaktoru, həm yazarı, həm korrektoru, həm də çapçısı idi. O, bu işə vicdan borcu kimi yanaşırdı.
Qəzetin tirajı az, təsiri isə böyük idi. Onun sədası Qafqazı aşaraq Dağıstana, Gürcüstana, Özbəkistana qədər uzanırdı. Cəmiyyətə verilən mesaj isə sadə idi: oyan, öyrən, düşün və inkişaf et! Lakin “Əkinçi”nin bu səsi hakim dairələrin xoşuna gəlmədi. Təzyiqlər, senzura və təhdidlər nəticəsində 56 nömrəsi işıq üzü görən qəzet 1877-ci ildə fəaliyyətini dayandırmalı oldu. Amma bu, yolun sonu deyildi. Bu, yeni bir başlanğıc idi. Onun izindən “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Həyat” və digər qəzetlər getdi. Bu mətbuat dalğası artıq təkcə söz deyil, ictimai gücə çevrildi.
Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 150 ildə ağır sınaqlara məruz qalsa da tutduğu yoldan dönməmişdir. Bu illər ərzində zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Belə ki, jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə Azərbaycanda KİV üzərində dövlət senzurasını ləğv etmişdir. Bununla da Azərbaycan mətbuatına yeni nəfəs, yeni istiqamət verildi. Bu, azad sözün rəsmən tanınması idi.
Məhz ulu öndərin gördüyü məqsədyönlü işlərin davamçısı olan Prezident İlham Əliyevin səyi nəticəsində bu gün Azərbaycan mətbuatı intibah dövrünü yaşayır. Ölkəmizdə söz, fikir azadlığının əsasını təşkil edən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Həmçinin cənab İlham Əliyevin tapşırığına əsasən jurnalistlərə evlər verilir, sosial həyatlarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır, media layihələrinə dəstək göstərilir, müasir mətbuat üçün əlverişli şərait yaradılır. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Əlbəttə, informasiya müharibələrinin, yalan kampaniyaların tüğyan etdiyi bir dövrdə jurnalistlərin məsuliyyəti daha da artır. Onlar yalnız informasiya daşıyıcısı deyil, doğrunun keşikçisi, dövlətçilik maraqlarının müdafiəçisi, xalqın səsinə çevrilmiş vicdan olmalıdırlar. Hər bir jurnalist yalanla həqiqət arasında sərhəd çəkən, cəmiyyətin savadlanmasında, doğru məlumatlandırılmasında aparıcı rol oynayan fədakardır.
Bu gün biz qürurla deyə bilərik ki, Azərbaycan mətbuatı Zərdabinin işıqlandırdığı yoldan dönməyib. O yol zəhmət, vicdan, milli məsuliyyət və azad fikir yoludur. Bu yolun yolçularını – qələm əhli, jurnalistlərimizi – 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
PS: Azərbaycan jurnalistləri hər zaman saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.