Kəlbəcər şəhərinin 27 illik əsirlik həyatının son günüdür bu gün!
Şanlı Azərbaycan Ordusu tərəfindən Kəlbəcər şəhərinin erməni işğalından azad olunmasının 4 ili tamam olur. Düşmənin ordu birləşmələrinin Kəlbəcərdən çıxarılması Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də həyata keçirilib. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi masada da qalib olmasının göstəricisi idi. Kəlbəcər şəhərinin bir güllə belə atılmadan azad edilməsi çoxlu insan təlafatının qarşısını almaqla yanaşı, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini dünyaya nümayiş etdirdi. Həmçinin 27 illik işğaldan sonra Kəlbəcərin azadlığa qovuşması ölkəmizin ərazi bütövlüyünün bərpası baxımından da tarixi bir andır.
1930-cu ildə yaradılan Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayon Qərbdən Ermənistan Respublikası, şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. Tərtər çayı boyunca çoxlu qədim mağaraların mövcud olduğu Kəlbəcər rayonunun adının mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri də aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığını sübut edir.
Kəlbəcər şəhəri 1993-cü il aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal olunan zaman rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlər zamanı günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcər şəhəri işğal olunandan dərhal sonra BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il aprel ayının 30-da 822 saylı Qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin qeyd şətrsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmişdir. Lakin rəsmi İrəvan belə mötəbər bir təşkilatın çağırışına məhəl qoymamaqla yanaşı, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən rayon ərazisində xaricdən gətirilən ermənilərin məskunlaşdırılmasını həyata keçirmişdir. Ermənistan Dövlətinin torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma siyasətinə Azərbaycan tərəfinin dəfələrlə etriaz bildirməsinə baxmayaraq xayin düşmən qanunsuz əməlindən vaz keçməmişdir. Ən son 2020-ci il sentyabrn 27-də düşmənin növbəti hücumuna qarşı Şanlı Ordumuz əks-hücum əməliyyatı ilə cavab verərək erməni quldurlarına layiq olduqları cavabı verdi. Azərbaycan əsgərinin əzmi və qətiyyəti qarşısında tab gətirə bilməyən Ermənistan rəhbərliyi ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Nəticədə noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı. Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonunun noyabrın 15-dək Azərbaycana qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün əlavə vaxt istəyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu dəfə də humanizm prinsiplərini əsas götürərək ermənilərə istədikləri vaxtı verir. Lakin verilmiş 10 gün möhlət zamanı ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə ağlagəlməyəcək dağıntılar törədirlər. Belə ki, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atdılar. Yalnız erməniyə yaraşacaq bu qeyri-insani hadisələrin fonunda 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana, öz sahibinə qaytarıldı. Artıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan "Böyük Qayıdış" proqramına əsasən Kəlbəcər şəhəri və kəndləri də yenidən qurulur. Son illər Qarabağda, Şərqi Zəngəzurda, həmçinin Kəlbəcərdə həyata keçirilən bərpa işləri Azərbaycanın gücünü və qətiyyətini dünyaya sübut etdi. 2021-ci ilin iyun ayında Prezident İlham Əliyevin Kəlbəcərə ilk səfəri zamanı dediyi kimi "Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".