Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı və banisi

 

Xalqımızın tarixi çoxəsrlik dövlətçilik ənənələri ilə zəngindir. Lakin XX əsrin sonlarında, Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, onu qoruyub saxlamaq və möhkəmləndirmək son dərəcə mürəkkəb və çətin vəzifəyə çevrildi. Bu dövrdə ölkə həm daxili böhranlarla, həm də xarici təcavüzlə üzləşmişdi. Belə bir zamanda Azərbaycan xalqı öz xilaskarını – dahi şəxsiyyət Heydər Əliyevi siyasi rəhbərliyə gətirməklə, müstəqil dövlətçiliyinin dağılmaq təhlükəsindən qurtuluş yolunu seçdi. Heydər Əliyev öz uzaqgörən siyasəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı parçalanmaqdan xilas etdi, milli dövlət quruculuğunun möhkəm bünövrəsini qoydu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, çox çətin sınaqlarla üz-üzə qaldı. İqtisadiyyat dağılmış, istehsal müəssisələri dayanmış, sosial problemlər kəskinləşmişdi. Dövlət idarəçiliyində təcrübəsizlik, siyasi çəkişmələr və mərkəzi hakimiyyətin zəifliyi ölkədə anarxiya yaratmışdı. Bundan istifadə edən Ermənistan işğalçı siyasətini genişləndirərək Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, yüz minlərlə soydaşımızı öz dədə-baba yurdundan didərgin salmışdı. Hətta ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycan faktiki olaraq məhv olmağın astanasında idi. Məhz belə bir çətin məqamda Azərbaycan xalqı Naxçıvanda siyasi fəaliyyətini davam etdirən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edən Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Ümummilli Liderin Bakıya qayıdışı xalqın iradəsi, milli birliyin ifadəsi və müstəqil dövlətin xilası üçün son ümid idi. Bu tarixi dönüş nöqtəsi sübut etdi ki, xalqın seçimi və inamı ilə hakimiyyətə gələn lider millətin rifahı, dövlətin gücü və gələcəyin sabitliyi naminə böyük işlər görə bilər. Heydər Əliyevin Bakıya dönüşü təkcə o dövrün deyil, bütövlükdə Azərbaycanın taleyini dəyişən mühüm hadisə kimi tarixə qızıl hərflərlə yazıldı.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan tarixində taleyüklü hadisə oldu. Xalqın 98,84 faizinin dəstəyi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu nəticə xalqın ona göstərdiyi etimadın, inamın və sevgisinin təcəssümü idi. Azərbaycan vətəndaşları yaxşı bilirdilər ki, belə ağır və məsuliyyətli dövrdə yalnız Heydər Əliyev ölkəni böhrandan çıxara, müstəqilliyi qoruyub saxlaya bilər. Prezident seçildikdən sonra Heydər Əliyevin qarşısında ilk və ən əsas vəzifə ölkəni daxili qarşıdurmadan, vətəndaş müharibəsi təhlükəsindən xilas etmək idi. Ulu Öndərin qətiyyətli addımları nəticəsində hakimiyyət orqanlarında nizam-intizam bərqərar olundu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, parçalanma meyillərinə son qoyuldu, cəmiyyətdə dövlətçilik ideyaları möhkəmləndi. Heydər Əliyevin müdrik siyasəti ilə ölkədə ictimai-siyasi sabitlik yaradıldı ki, bu da iqtisadi və hərbi sahədə islahatlara başlamaq üçün əsas şərt idi.

Heydər Əliyevin siyasətində milli ordu quruculuğu xüsusi yer tuturdu. Onun təşəbbüsü ilə Silahlı Qüvvələrdə vahid komandanlıq yaradıldı, orduda nizam-intizam təmin edildi, müasir silah-sursatla təminat yaxşılaşdırıldı. Ulu Öndər yaxşı bilirdi ki, Ermənistanın işğalçılıq siyasətinin qarşısını yalnız güclü ordu ilə almaq mümkündür. Onun bu istiqamətdə apardığı qətiyyətli siyasət nəticəsində 1994-cü ilin mayında Bişkek protokolu imzalandı və cəbhə xəttində atəşkəs əldə edildi. Bu, müharibənin daha da genişlənməsinin qarşısını aldı və Azərbaycanın gələcək inkişafına yol açdı.

Heydər Əliyevin həyata keçirdiyi strateji addımlardan biri də iqtisadiyyatın dirçəldilməsi idi. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında 11 beynəlxalq neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etdi, xarici sərmayələrin axınına yol açdı, iqtisadi sabitliyin əsasını qoydu, ölkəni gələcək böyük enerji layihələrinin mərkəzinə çevirdi. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan və digər beynəlxalq enerji kəmərlərinin reallaşması məhz Heydər Əliyevin uzaqgörən neft strategiyasının bəhrəsi oldu.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə siyasi sabitliyə nail olaraq hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yoluna qədəm qoydu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin siyasi-hüquqi əsaslarını müəyyən etdi. Bu sənəd vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, ölkənin inkişaf strategiyasının hüquqi bazasına çevrildi. Məhz bu Konstitusiya sayəsində Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atdı.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasında həlledici rol oynadı. Onun balanslaşdırılmış və çoxşaxəli diplomatik kursu nəticəsində Azərbaycan dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq əlaqələri qurdu. Bu siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü beynəlxalq hüquq normaları çərçivəsində tanındı və dəstəkləndi, Ermənistanın təcavüzkar siyasəti beynəlxalq platformalarda ifşa edildi, Azərbaycan regionda sülh, sabitlik və əməkdaşlıq naminə fəaliyyət göstərən etibarlı tərəfdaş kimi qəbul olundu. Heydər Əliyev beynəlxalq münasibətlərdə hər zaman ədalət və qarşılıqlı hörmət prinsipinə üstünlük verirdi. Onun bu sahədəki mövqeyi Ulu Öndərin məşhur sözlərində öz əksini tapır: “Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada, bölgədə və ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq.”

Ulu Öndər Heydər Əliyev sözün gücünü dərindən dərk edən, fikirlərini aydın, məntiqli və təsirli şəkildə çatdırmağı bacaran böyük natiq idi. Onun hər çıxışı yüksək siyasi mədəniyyətin, dərin təfəkkürün və dövlətçilik təcrübəsinin təcəssümü idi. Nitqlərində həm xalqla səmimi ünsiyyət qurur, həm də strateji hədəfləri dəqiq ifadə edirdi. O, mürəkkəb ictimai-siyasi vəziyyətlərdə belə insanlara ümid və inam aşılamağı bacarırdı. Onun nitqlərində qətiyyət, müdriklik və dövlətə sevgi ön planda idi. Məhz bu keyfiyyətləri onu təkcə siyasi lider kimi deyil, həm də mənəvi rəhbər kimi xalqın yaddaşında əbədiyaşar etmişdir.

Azərbaycan tarixində dərin iz buraxmış görkəmli dövlət xadimi Heydər Əliyev, milli dövlətçiliyimizin banisi və müstəqilliyimizin qoruyucusu kimi xalqın yaddaşında əbədiyaşar liderə çevrilmişdir. XX əsrin sonunda ölkənin ağır siyasi və iqtisadi böhranla üz-üzə qaldığı bir dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, Azərbaycanı xaosdan xilas edərək sabit və inkişaf edən dövlətə çevirmişdir. Bu səbəbdən də Azərbaycan xalqı Heydər Əliyevi haqlı olaraq ümummilli lider, qurucu və xilaskar adlandırır.

Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun qurduğu möhkəm dövlətçilik irsi bu gün də Azərbaycanı gələcəyə aparan ən etibarlı yol xəritəsidir.