
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin iştirakı ilə Göydərə kənd sakinləri ilə səyyar görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, bir sıra idarə və müəssisələrin rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər. Görüş zamanı icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçilik və milli maraqların təmin olunması istiqamətində əldə edilən mühüm nailiyyətlər barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixində imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər Dövlət Proqramı”nın qarşıya qoyduğu əsas hədəflərdən bəhs edilib. Bildirilib ki, Dövlət Proqramı regionda iqtisadi fəallığın və məşğulluğun artırılması, əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsi, infrastrukturun təkmilləşdirilməsi, ətraf mühitin mühafizəsi və digər mühüm istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Daha sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Sakinlər tərəfindən əsasən məşğulluq, içməli su təminatı və kənddaxili yolların asfaltlaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb. İcra başçısı rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib, aidiyyəti dövlət qurumlarının səlahiyyətinə daxil olan müraciətlər isə baxılması və tədbir görülməsi üçün qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Həmçinin İcra başçısı Naim Cahidzadə kənd sakini Məmmədov Ruslan Malikəjdər oğlunun müraciətinə həssaslıq nümayiş etdirirərək səsləndiridiyi problemlə yerində tanış olub və qanuna müvafiq şəkildə açıqlama verib.