
8 Noyabr – Zəfər Günü ərəfəsində Culfa şəhərində Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü təşkil olunub. Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları tarixi Zəfərin əldə olunmasında Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən, şəhidlərimizin və qazilərimizin göstərdikləri misilsiz fədakarlıqlarından bəhs ediblər. Həmçinin qazilərimiz Vətən müharibəsi zamanı keçdikləri döyüş yolundan, iştirak etdikləri əməliyyatlardan və yaddaşlarında dərin iz buraxan tarixi anlardan danışaraq öz təcrübələrini gənclərlə bölüşüblər. Tarix yazan qəhrəmanlarımız çıxışlarında gənc nəslin Vətənə sevgi, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıblar.