2 Fevral Azərbaycanda Gənclər Günüdür. Bu əlamətdar gün, ölkənin gələcəyi olan gənclərə dövlət tərəfindən verilən dəyərin simvoludur.
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan gənclərinə yüksək qiymət verən Ümummilli Lider deyirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.
1990-cı illərdə sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ulu Öndər aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirərək bildirdi ki, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”.
2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.
Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə alması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinə səbəb olur. Bugün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həqiqətən də, gənclik böyük qüvvədir. Bugün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasəti hazırda onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizdə gənclər siyasətinin əsasını gənclərimizin Vətənə, milli dəyərlərə bağlılığı, sevgisi, təhsilə və idmana marağın daha da artırılması təşkil edir. Bu mənada gənclərin inkişafı üçün müxtəlif proqramlar, layihələr həyata keçirilir. Nəticədə Azərbaycan gəncləri müasir dünyada rəqabətədavamlı, bilikli və bacarıqlı bir nəsil kimi formalaşır və ölkənin daha da inkişaf etməsi üçün öz töhfələrini verməyə davam edirlər.
Son illər dövlət səviyyəsində Azərbaycan gənclərinin xaricdə təhsilinə böyük diqqət göstərilir. Məhz ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam və Dövlət proqramları əsasında 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu Ali məktəblərində təhsil almağa müvəffəq olub. Atılan mühüm addımlardan biri də Azərbaycanın idman ölkəsi olaraq dünyada tanıdılmasıdır. Beynəlxalq tədbirlərdə gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilən müxtəlif yarışlar artıq Azərbaycanı idman və gənclər ölkəsi kimi təsdiqləyib.
Xüsusi olaraq qeyd edək ki, ötən il ölkəmizin COP29-a rəhbərlik etməsi gənclərimizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində də təşəbbüslərə cəlb edilməsi və ekoloji mariflənməsi dövlətimizin əsas məqsədi idi. Bütün bunlar onu bir daha sübut edir ki, dövlət gənclərə diqqət və qayğısını əsirgəməyəcək, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Qeyd edək ki, ölkəmiz öz tarixinin şərəfli və inkişaf dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi ardıcıl səylər, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb olub. Bununla belə, ölkəmizin inkişafının dönməz xarakter alması yolunda görüləsi işlər hələ də çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə atılacaq əzəmətli addımların əsas ağırlığı və məsuliyyəti isə məhz gənclərin üzərinə düşür. Bugün isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti sayəsində təhsil, elm, idman, mədəniyyət və digər sahələrdə gənclərə geniş imkanlar yaradılır. Azərbaycan gəncliyi hər zaman ölkənin sosial, siyasi və iqtisadi həyatında fəal iştirak edir, dövlətimizin inkişafında mühüm rol oynayırlar. Azərbaycanın gələcəyi naminə yürüdülən bugünkü gənclər siyasəti onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi əmin əllərdə olacaq.
2 Fevral Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq!