
Azərbaycan tarixində elə günlər var ki, xalqımızın yaddaşına əbədi həkk olunub. Bu günlərdən biri də 17 oktyabrdır. Doğma Füzuli şəhərinin və onun kəndlərinin düşmən işğalından azad olunduğu gün. Bu tarix təkcə bir şəhərin azadlığı deyil, həm də 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyulmasının, Azərbaycan xalqının əzmini və birliyini nümayiş etdirən bir qəhrəmanlıq səhifəsidir.
1990-cı illərin əvvəllərində Ermənistanın böyük dövlətlərin dəstəyinə arxalanaraq başlatdığı elan olunmamış müharibə nəticəsində Azərbaycanın 20 faizdən çox ərazisi işğal edildi. Qarabağda başlayan döyüşlər sonradan ətraf rayonlara da yayıldı, minlərlə günahsız insan doğma yurd-yuvasından didərgin düşdü, məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
1993-cü ilin 23 avqustunda Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan ordusu tərəfindən işğal olundu. Döyüşlər zamanaı 663 füzulili qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı, yüzlərlə insan yaralandı, 181 nəfər itkin və əsir düşdü. İşğal dövründə Füzuli rayonunun yaşayış məntəqələri dağıdıldı, evlər, məktəblər, tarixi və dini abidələr yerlə-yeksan edildi. Lakin xalqımız heç zaman bu ədalətsizliklə barışmadı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyat nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad olundu. Bu, sonrakı illərdə əldə ediləcək Böyük Qələbənin təməli idi desək yanılmarıq.
2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin 19-cu günü 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Füzuli şəhərinin azad edildiyinin müjdəsini verdi. Həmin gün Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də azad edilmişdi.
Füzuli əməliyyatı Vətən müharibəsinin ən gərgin və strateji döyüşlərindən biri idi. Ordumuzun rəşadəti nəticəsində cənub-şərq cəbhəsində düşmənin bir neçə müdafiə xətti yarıldı və erməni ordu birləşmələri ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Həyata keçirilən uğurlu əməliyyat Azərbaycan Ordusunun daha sonrakı istiqamətlərdə (Hadrut, Zəngilan və Şuşa) irəliləməsi üçün möhkəm hərbi zəmin yaratdı. Hətta döyüşlər zamanı Ermənistan ordusunun yüksək rütbəli zabitlərindən biri, mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan da məhv edilmişdi.
Füzuli rayonu Azərbaycanın qədim və mədəniyyət baxımından zəngin bölgələrindən biridir. Əsası 1827-ci ildə qoyulan yaşayış məskəni əvvəlcə Qarabulaq, 1930-cu ildə isə rayon statusu alaraq Qaryagin adlandırılmışdır. Ən son 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı Füzuli olaraq dəyişdirilmişdir.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan 1386 kvadratkilometr ərazini əhatə edir. Zəngin təbiəti, tarixi abidələri və füsunkar təbiət mənzərələri ilə tanınan bu diyar uzun illər düşmən işğalının acısını yaşasa da, bu gün yenidən dirçəlir.
Müharibədən sonra aparılan araşdırmalar göstərir ki, Füzuli azad edilmiş ərazilər arasında mina baxımından ən çox çirkləndirilmiş rayonlardan biridir. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina və partlamamış hərbi sursat basdırılıb. Bu gün həmin ərazilərin təhlükəsizliyinin təmin olunması üçün genişmiqyaslı mina təmizləmə əməliyyatları aparılır. Eyni zamanda, işğal dövründə vurulan ziyanın dəqiqləşdirilməsi məqsədilə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri həyata keçirilir.
Müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Füxuli rayonu sürətlə yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Həmçinin Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində də nəhəng layihələr reallaşdırılmışdır. Artıq Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da fəaliyyətə başlayıb.
Ən önəmlisi isə 2023-cü il avqustun 18-dən etibarən Böyük Qayıdış Proqramının birinci mərhələsinə əsasən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi başlanmışdır. İlkin mərhələdə Füzuliyə 144 ailə köçürülmüşdürsə, artıq rayonda 824 ailə (3141 nəfər) yaşayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilər üzrə “şəhər günləri” təsis edilib. Bu Sərəncama əsasən, hər il 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd olunur.Artıq beş ildir ki, xalqımız bu günü böyük fəxrlə, sevinc və minnətdarlıq hissi ilə qeyd edir. Füzulinin azadlığı xalqımızın milli həmrəyliyinin, Ordumuzun qüdrətinin və dövlət başçımızın müdrik siyasətinin təntənəsidir.