“Bakı Enerji Həftəsi” çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u ölkəmizin dünya enerji siyasətindəki rolunu və mövqeyini sübut edir. Keçirilən tədbir Azərbaycan üçün böyük əhəmiyyət daşımaqla yanaşı, həmçinin ölkəmizin enerji strategiyasının beynəlxalq arenadakı rolunu daha da möhkəmləndirir. Müstəqil Azərbaycanın eneji siysətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin bu sahədə gördüyü işləri daha da təkmilləşdirərərk günün tələblərinə uyğunlaşdıran Prezident İlham Əliyev tədbirdə çıxış edərək, ölkəmizin bugünədək bu istiqamətdə atdığı addımları və gələcək planları haqqında geniş məlumat verdi. Cənab Prezident qeyd etdi ki, Azərbaycanın enerji siyasəti ilk dəfə Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq və hazırda Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Həmçinin açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.
Ölkəmizin başçısı çıxışı zamanı qeyd etdi ki, “Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək. Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır. Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik. COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir. COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik”.