Dünyanın enerji siyasətində Azərbaycan izi

Paytaxt Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Belə ki, aprelin 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr də iştirak ediblər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib. Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalanıb. Tədbirdə ölkəmizin başçısı İlham Əliyev də iştirak edib və çıxışı zamanı bir çox önəmli məqamlara toxunub. Cənab Prezident qeyd edib ki, “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir”.

Ölkəmizin başçısı bildirib ki, “Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Həmçinin Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün maliyyələşmə lazım olacaq. Burada vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”. 

Prezident İlham Əliyev qeyd edib ki, “Uzunmüddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfıra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur. Həmçinin düşünürəm ki, “Abşeron” yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Yəni, ikinci fazaya keçid edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq. Bir sözlə, bütün bunlar mümkündür, lakin dediyim kimi, iki əsas meyar olmalıdır: interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi. Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır. Yaşıl gündəliyə gəldikdə, qeyd etdiyim kimi, iki mühüm meyarı bir araya gətirə bildik və istehlakçılarımızın tələbatlarını qarşıladıq”.

Cənab Prezident bildirdi ki, “Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə olunacaq. Verilən məlumata görə, həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir. Həmçinin bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq”.