Hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması Ümummilli Lider Heydər Əliyevin xalqımızın taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlarından biridir. Belə ki, 1991-ci il dekabrın 16-da Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qəbul edilən Qərara əsasən, həmin ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd olunmuşdur.
Dahi rəhbər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun formalaşdırılması istiqamətində də məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi isə diaspor quruculuğu sahəsində atılmış ilk qətiyyətli addım idi. Ulu Öndər qurultayda Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi və qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini qeyd etmişdir. Qurultayda diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilmiş, qərarlar, fəaliyyət proqramları təsdiqlənmişdir.
Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi, türk dünyasının böyük lideri Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, milli həmrəylik naminə birləşmənin labüdlüyünə diqqəti çəkərək demişdir: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır”.
Dahi şəxsiyyətin dünya azərbaycanlıları tərəfindən böyük nüfuz və etimada malik milli lider kimi qəbul edilməsi soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsində əsas amil olmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, azərbaycançılıq anlayışının milli ideologiyaya çevrilməsi, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi Ulu Öndərin misilsiz xidmətlərinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyası bugün milyonlarla soydaşımızı birləşdirən dövlətçilik amalına çevrilib. Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olmuşdur.
Ölkə Prezidentinin 2006-cı il 8 fevral tarixli Sərəncamına əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının ikinci Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri, xüsusilə önə çəkilmişdir.
2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmiş, 2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının üçüncü Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrilmişdir. 2016-cı il iyunun 3-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında isə bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olunmuşdur.
Bugün Azərbaycanın dünyanın güclü dövlətlərindən birinə çevrilməsi, regionda əsas nüfuz sahibi olması xaricdəki həmvətənlərimizi vahid Vətən və müstəqil Azərbaycan dövləti naminə daha səylə təşkilatlanmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbrikində deyildiyi kimi: “Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə Azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər”.
Xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayan bu həmrəylik, həm də bütövlük və bərabərliyin vacib formulu olan xalq-ordu birliyinin əsasını təşkil edir. Bəli, bugün bu sabitliyin keşiyində ordumuz durur. O ordu ki, Ali Baş Komandanının rəhbərliyi ilə 44 günə işğal altında olan torpaqlarımızı azad edərək insanların rahatlığına, onların xoşbəxt və firavan həyatına təminat yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”. Fəxrlə qeyd etmək lazımdır ki, Müzəffər liderin təşəbbüsü ilə 2022-ci ilin aprel ayında işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Tədbirin əhəmiyyətinə diqqət çəkən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Biz bugün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır”. İnkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqillik Ümummilli Liderimizin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Zaman keçdikcə, illər ötdükcə, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Zaman ötdükcə, ölkəmiz inkişafa qovuşduqca müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyev yolunun bəhrələrini bir daha görürük.
P.S Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qədim tarixə malik Azərbaycan xalqının sarsılmaz milli-mənəvi birliyinin təcəssümünə çevrilmişdir.