
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa rayon Dövlət Bayrağı Meydanında tədbir keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edənlər Dövlət Bayrağımızın xalqımızın azadlıq və müstəqillik ideallarını, milli kimliyini və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs dövlət rəmzi olduğunu qeyd ediblər. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində qürurla dalğalanmasını təmin edib. Tədbirin bədii hissəsində məktəblilər şeirlər səsləndirib, Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Xarıbülbül” rəqs dərnəyinin üzvləri isə “Zəfər” rəqsi ilə çıxış ediblər.