Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yaşayış binaları, prospektlər, avtomobil yolları və insanların sıx toplaşdığı yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, qabaqlayıcı, genişmiqyaslı profilaktik tədbirlər görülür.
Növbəti belə tədbir Culfa şəhərində icra olunub. Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsi tərəfindən Culfa şəhərinin əsas yolları, 70 ictimai yaşayış binasının giriş hissələri və səkiləri, 33 müəssisə və təşkilatın ətrafı, ticarət mərkəzi, bazar, N hərbi hissənin ərazisi, hərbi şəhərcik və Sərhəd zastavası, Əbrəqunus və Bənəniyar kəndlərində məktəb, xidmət mərkəzi, musiqi məktəbi, kənd mərkəzi, ambulatoriya, məscid və mərasim evi olmaqla ümumilikdə 448 min kvadratmetr sahə dezinfeksiya edilib. Görülən qabaqlayıcı tədbirlərə 1 xüsusi avadanlıq quraşdırılmış yanğınsöndürmə və 1 “DUK” markalı avtomobili cəlb olunub.