Culfa şəhərində "myGov" tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Culfa şəhərində vətəndaşların rəqəmsal xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi və elektron xidmətlər barədə məlumatlılıq səviyyəsinin artırılması  məqsədilə sakinlərlə "myGov" tətbiqinin imkanları həmçinin istifadə qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Maarifləndirmə zamanı vətəndaşlara "myGov" platformasının təyinatı, tətbiqin mobil cihazlara yüklənməsi, qeydiyyat prosesi və mövcud elektron xidmətlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, rəqəmsal platformalar dövlət xidmətlərindən daha rahat və operativ şəkildə yararlanmağa, zəruri məlumatları elektron formada əldə etməyə, eləcə də bir sıra məsələlərin həlli üçün sərf olunan vaxtın və əlavə xərclərin azaldılmasına imkan yaradır. Həmçinin tətbiqin funksional imkanlarından düzgün istifadə edilməsi, elektron xidmətlərə müraciət qaydaları və rəqəmsal platformaların yaratdığı imkanlardan faydalanma yolları barədə tövsiyələr verilib. Maarifləndirmə tədbiri çərçivəsində sakinləri maraqlandıran suallar cavablandırılıb, onların qarşılaşdıqları çətinliklərlə bağlı izahatlar verilib və "myGov" tətbiqindən mütəmadi istifadə etmələri tövsiyə olunub. Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə işləri əhalinin rəqəmsal savadlılığının artırılmasına, elektron xidmətlərdən istifadə vərdişlərinin formalaşdırılmasına və dövlət xidmətlərinin müasir texnologiyalar vasitəsilə daha əlçatan olmasına xidmət edir.