
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ardından Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Rayon Təhsil Şöbəsinin müdiri Murad Hümbətov, müəllim və şagird kollektivi, eləcə də valideynlər iştirak ediblər.
Çıxış edən Sara Hüseynova yeni dərs ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət sayəsində Azərbaycan təhsil sistemi sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində savadlı, vətənpərvər gənclər yetişir.
Digər çıxış edənlər bildiriblər ki, müasir dövrdə ölkəmizin inkişafı üçün savadlı və bilikli gənclərin yetişməsi əsas prioritetlərdəndir, həmçinin şagirdlərin təhsilə olan həvəsi gələcəyin uğurlu vətəndaşlarının formalaşmasına zəmin yaradır.
Tədbirdə ötən tədris ilində yüksək nəticələr göstərmiş 3 şagird diplom və medallarla təltif olunub.
Sonda məktəbin birinci sinif şagirdləri Bilik Gününə həsr olunmuş şeirlər səsləndiriblər.