
Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə Dövlət Proqramına əsasən Culfa rayonunun Gal kəndində kənd daxili yolların yenidən qurulması və mühüm infrastruktur layihələrinin icrasına başlanılıb. Proqrama uyğun olaraq, kənddə eni 5,5 metr, uzunluğu isə 2 kilometr olan yeni asfalt yolun çəkilişi həyata keçirilir. Yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə 1800 m³ qum-çınqıl əraziyə daşınıb və yollar hamarlaşdırılıb. Bununla yanaşı, kəndin su ötürücü sisteminin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər görülüb. Belə ki, 340 metr uzunluğunda 250 mm diametrli metal borular quraşdırılıb, həmçinin yağış və sel sularının ötürülməsi üçün 780 metr uzunluğunda beton kanal çəkilib. Əlavə olaraq, kənd sakinlərinin gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılması üçün yaşayış evlərinin ətrafına da 80 ton asfalt verilməsi təmin edilib.
Görülən işlər sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.