Culfa rayonunda Vətən müharibəsi qazilərinə mənzillər təqdim edilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların rifahının yüksəldilməsi və dövlət qayğısına ehtiyacı olan şəxslərin sosial təminatının yaxşılaşdırılmasıdır. Bu siyasətdə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi xüsusi yer tutur. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətin bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısının ardıcıl xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli Sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində bu gün muxtar respublika üzrə şəhid ailələri və müharibə iştirakçılarına 68 mənzil təqdim edilib. Mənzillərdən 3-ü Culfa rayonunda Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Bu münasibətlə Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nuhi Abdinov çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının sosial təminatının gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm layihələr və sosial proqramlar həyata keçirilir. Qeyd olunub ki, bu tədbirlər dövlətin Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğının davamlılığını təmin etməklə yanaşı, onların layiqli həyat şəraitinin formalaşdırılmasına xidmət edir. Sonda yeni mənzillərlə təmin olunan Vətən müharibəsi qaziləri Məmmədov Elşən Heydər oğluna, Qasımov Kənan Əkbər oğluna və Behbudov Mürsəl Eyvaz oğluna mənzillərin açarları təqdim olunub. Mənzillərin təqdim edilməsi qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, dövlətin onların rifahının təmin olunmasına yönəlmiş sosial siyasətinin əyani göstəricisidir.