
2025-ci il taxıl biçini mövsümünə bir neçə gündür ki, rayonumuzda da start verilib. Məhsul yığımının vaxtında və itkisiz aparılması üçün Culfa rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən də lazımi tədbirlər görülüb. Biçin prosesinə “Aqroservis” texnikaları ilə yanaşı yerli sahibkarlara məxsus kombaynlar da cəlb olunub. Bu il rayon üzrə əkin aparılmış 3681,1 hektar sahənin 2264,6 hektarını buğda, 1416,5 hektarını isə arpa təşkil edir. Bu günədək rayonun Yaycı, Gülüstan, Camaldın, Ərəzin və Bənəniyar kəndlərində 140 hektar sahədə biçin işləri aparılıb və orta məhsuldarlıq 15,1 sentner təşkil edir. Hazırda biçin işləri davam etdirilir.
Qeyd edək ki, Culfa rayonunda taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir və bu sahənin inkişafı rayonun ərzaq təminatında mühüm rol oynayır.