Culfa rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Culfa Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirənin rəsmi hissəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin əhəmiyyətindən danışıb. O, dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrin, müəyyənləşdirilən prioritetlərin və verilən tapşırıqların yerlərdə uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Naim Cahidzadə rayonun sosial-iqtisadi həyatında əldə olunan uğurlardan, həyata keçiriləcək layihələrdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində qəbul edilən Dövlət proqramları, sərəncamlar və həyata keçirilən layihələr Culfa rayonunun da qarşıdakı dövr üçün inkişaf prioritetlərini müəyyənləşdirir. Bu mühüm sənədlərdə rayonun kənd təsərrüfatı, yol, su, mənzil- kommunal, təhsil, nəqliyyat və digər sahələr üzrə infrastrukturunun yenilənməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi üçün geniş imkanlar nəzərdə tutulub.

Müşavirədə çıxış edən şəhid atası, Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin müəllimi Məhəmməd Nəcəfov, Culfa şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Cəfərov, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva və Əlincə Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn vəzifələrin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlarda dövlətçilik prinsiplərinə sədaqətin, milli-mənəvi dəyərlərin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və ictimai məsuliyyətin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın əldə etdiyi uğurların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün hər bir sahədə ardıcıl fəaliyyət göstərilməli, ölkənin inkişafına xidmət edən təşəbbüslər dəstəklənməlidir.

Təhsil və mədəniyyət sahələrini təmsil edən natiqlər öz çıxışlarında gənclərin milli ruhda yetişdirilməsinin, onlarda dövlətə və dövlətçiliyə bağlılığın gücləndirilməsinin, tariximizin, mədəni irsimizin və qəhrəmanlıq salnaməmizin təbliğinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Şəhid ailələrinin cəmiyyətdəki mövqeyinin, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin yaşadılmasının və onların fədakarlığının gələcək nəsillərə çatdırılmasının mühüm mənəvi vəzifə olduğu qeyd edilib.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən, ölkəmizin qarşısında duran mühüm vəzifələrdən və dövlət siyasətinin əsas istiqamətlərindən danışıb.

Samir Seyidəhmədli qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu vəzifələrin həyata keçirilməsi dövlət qurumlarından, ictimai-siyasi təşkilatlardan və hər bir vətəndaşdan məsuliyyətli yanaşma, fəallıq və birgə fəaliyyət tələb edir.

O, dövlət başçısının müəyyən etdiyi hədəflərə çatmaq üçün yerlərdə görülən işlərin səmərəliliyinin artırılmasının, əhalinin müraciətlərinə həssaslıqla yanaşılmasının, ictimai-siyasi sabitliyin qorunmasının və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, milli həmrəyliyin gücləndirilməsi, gənclərin dövlətçilik ideyalarına sədaqət ruhunda yetişdirilməsi və ölkənin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədinin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin hərtərəfli inkişafının təmin olunması olduğu bir daha diqqətə çatdırılıb.