Culfa rayonunda “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin, Culfa şəhər Prokurorluğunun əməkdaşları, rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Culfa Rayon Təhsil Şöbəsinin və Culfa Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər. Maarifləndirici tədbirdə kibertəhlükəsizlik, kiberhücumların qarşısının alınması, informasiya sistemlərinin mühafizəsi, şəxsi və xidməti məlumatların təhlükəsizliyinin təmin olunması ilə bağlı ətraflı məlumat verilib. Həmçinin kibertəhdidlər zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirdə videoçarx nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.