
Culfa rayonunda kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq məqsədilə məlumatlandırıcı tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən və rayon üzrə kənd təsərrüfatı siyahıyaalmasına yardım komissiyasının sədri Sara Hüseynova çıxış edərək qeyd edib ki, kənd təsərrüfatının dəqiq uçotu və mövcud potensialın qiymətləndirilməsi üçün siyahıyaalma mühüm əhəmiyyət kəsb edir. Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyev çıxış edərək kənd təsərrüfatı siyahıyaalmasının ölkə üzrə strateji əhəmiyyətindən bəhs edib. Toplantının davamında Culfa Rayon Statistika İdarəsinin rəis müavini Rasim Məmmədov çıxış edərək siyahıyaalma üzrə satınalma müqaviləsi bağlanmış şəxslərə təlim və metodiki tövsiyələr verib. Tədbirin əsas məqsədi iştirakçıların proseslə bağlı maarifləndirilməsi, məlumatlandırılması və icra mexanizmlərinin effektiv təşkilidir.
Qeyd edək ki, kənd təsərrüfatının siyahıyaalması ölkə üzrə iyulun 15-dən avqustun 15-dək keçiriləcək.