
Görüşdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini və aparatın sektor müdirləri iştirak ediblər. Görüş zamanı yubilyara Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin səmimi təbrikləri və xoş arzuları çatdırılıb. Qadir İbrahimov 1956-cı ildə Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Tarix ixtisası üzrə bitirmişdir. Müxtəlif sahələrdə əmək fəaliyyəti göstərmiş, 1994–2000-ci illərdə Culfa Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədridir. Səmərəli fəaliyyətinə görə 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülmüş, 2013-cü ildə isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl medalı ilə, 2023-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. II, III, IV, V və VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Qadir İbrahimov partiyanın ideya və prinsiplərinin, dövlətçilik dəyərlərinin təbliği, təşkilati işlərin səmərəli təşkili və partiya üzvləri ilə işin əlaqələndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmiş, rayonun ictimai-siyasi həyatında mühüm rol oynamışdır. 70 illik yubileyi münasibətilə Qadir müəllimi kollektiv adından təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.