“Culfa - 95 illik yol” adlı yubiley tədbiri keçirilib

Culfa Rayon Mədəniyyət Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa rayonunun yaradılmasının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə rayonun idarə və müəssisələrinin rəhbər heyəti, əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxışında Culfa rayonunun yaradılmasının 95 illiyini qeyd etdiyimiz yubileyin təkcə bir tarix deyil, bütöv bir yolun, zəhmət və zəfərlərin, inkişafın, eyni zamanda həmrəyliyin və milli dəyərlərə sadiqliyin təntənəsi olduğunu, Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq arenada diplomatik addımların atılması Culfa rayonu üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan bu dəhlizin Naxçıvanı Azərbaycan Respublikasının əsas hissəsi ilə birləşdirərək Culfa rayonunun nəqliyyat və logistika baxımından önəmini artıracağını və rayonu  regional ticarət və tranzit mərkəzinə çevirəcəyini, eləcə də iqtisadi canlanma, yeni iş yerlərinin yaradılması və investisiyaların cəlbi ilə rayonun sosial-iqtisadi inkişafının sürətlənməsinə müsbət təsir göstərəcəyini vurğulamışdır.

Yubiley tədbirində rayonun ictimai həyatının müxtəlif sahələrində fərqlənən bir sıra şəxslər və kollektivlər plaketlərlə təltif ediliblər. Azərbaycan ədəbiyyatına, mədəniyyətə, səhiyyəyə, kənd təsərrüfatına, sosial sahəyə, musiqi və rəqs sənətinə verdikləri dəyərli töhfələrə görə Fərəcov Fərəc Rza oğlu, Cəfərov Ədalət Cəfər oğlu, Nəcəfov Xanlar Hüseyn oğlu, Bayramova Çiçək Yunis qızı, Məmişov Elmar Sabit oğlu, Culfa Rayon Mədəniyyət Sarayının “Gənclik” instrumental ansamblı və Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Xarı bülbül” rəqs qrupu mükafatlandırılmışdır. 

Tədbir bədii hissə ilə davam etdirilmişdir.