
Prezident İlham Əliyevin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü Azərbaycan tarixində mühüm səhifə kimi yadda qalacaq. Bu görüş təkcə bir liderin deyil, bütün ölkənin beynəlxalq aləmdə nüfuzunun və etibarının göstəricisidir. Məhz Azəbaycanın liderinə ABŞ nümayəndə heyəti, xüsusilə də cənab Tramp tərəfindən göstərilən ehtiram, səmimi münasibət cənab İlham Əliyevin dünyadakı nüfuzunun bariz göstəricisidir. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamə uzun illərdir davam edən münaqişəyə son qoymaqla yanaşı, Cənubi Qafqazın gələcək iqtisadi yüksəlişinin də əsasını qoyur. Tarixi sənədin imzalanması mərasimindən sonra cənab İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən mətbuat nümayəndələrinə müsahibəsi zamanı görüşün tarixi əhəmiyyəti və Azərbaycan üçün gələcək perspektivləri barədə fikirlərini bölüşmüşdür. Cənab Prezident qeyd etmişdir ki, “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə. Həmçinin Azərbaycan və ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası və onun əsasında yaradılan Strateji İşçi Qrupu, iki ölkə arasında əlaqələrin yeni, daha yüksək səviyyəyə qalxmasına zəmin hazırlayır. Bu tərəfdaşlıq ticarət, investisiya, enerji, müdafiə sənayesi, süni intellekt və tranzit kimi kritik sahələri əhatə edir. Belə bir strateji tərəfdaşlıq formatında dünya iqtisadiyyatına inteqrasiya, işsizliyin azalması və ölkənin iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ciddi addımlar atılacaq”.
Cənab İlham Əliyev ATƏT-in Minsk Qrupunun münaqişə dövründə öhdəsinə götürdüyü işin Azərbaycan tərəfindən yerinə yetirilməsi nəticəsində artıq fəaliyyətinə ehtiyac olmadığnı bildirdi və qeyd etdi ki, “1992-ci ildən bəri davam edən və ATƏT-in Minsk qrupunun illərlə həll edə bilmədiyi Azərbaycan-Ermənistan münaqişəsinin hərbi-siyasi müstəvidə həlli və bunun ardınca Ağ Evdə paraflanan sülh sazişi, region üçün yeni bir mərhələnin açılmasıdır. Artıq ATƏT-in Minsk Qrupu tarixə qovuşdu. Həmçinin bu sülh prosesi yalnız qonşuluq münasibətlərinin normallaşması deyil, həm də regional sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın təminatıdır. Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması sülhün davamlılığının əsas şərti kimi diqqətə alınır. Eləcədə Azərbaycan-ABŞ münasibətlərində uzun illər gərginlik mənbəyi olmuş 907-ci düzəlişin ləğvi, həm rəmzi, həm də real siyasi əhəmiyyət daşıyır. Bu addım, ABŞ-ın Azərbaycanla münasibətlərdə yeni, konstruktiv və strateji yanaşmasının göstəricisidir. Xüsusilə, Tramp administrasiyasının təşəbbüsü ilə həyata keçirilən bu jest, Azərbaycan-ABŞ əlaqələrinin bərpası və inkişafı üçün təməl rolunu oynayır”.
Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, “Azərbaycan və ABŞ arasında enerji və iqtisadi infrastrukturda yeni dövr başlayır. Çünki SOCAR ilə ExxonMobil arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycanın enerji sektorunda yeni layihələrə start verməsi və beynəlxalq enerji bazarında mövqeyinin möhkəmlənməsi üçün əhəmiyyətlidir. Enerji əməkdaşlığı, eyni zamanda, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının vacib sütunlarından biridir. Digər yandan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçirilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, eləcə də Ermənistanın tranzit ölkəyə çevrilməsi, regionda iqtisadi inkişaf və siyasi sabitlik üçün geniş imkanlar açacaqdır. Bu, Cənubi Qafqazda kommunikasiyaların açılması və yeni inteqrasiya layihələrinin reallaşması deməkdir”.
Prezident İlham Əliyevin ABŞ səfəri və orada əldə edilən nəticələr Azərbaycanın xarici siyasətində tarixi dönüş nöqtəsidir. Bu səfər Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, həm də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atılması ilə nəticələndi. Azərbaycanın milli maraqları qorunmaqla həyata keçirilən bu təşəbbüslər, regionun inkişafı və dünya üçün sabitliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
PS: Yeni tarix yazan Azərbaycan, dünya səhnəsində öz mövqeyini daha da gücləndirərək, sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıqla gələcəyə inamla addımlayır. Bu istiqamətdə atılan addımlar yalnız ölkəmizin deyil, bütövlükdə regionun rifahına xidmət edir.