Əbrəqunus kəndində fermer və təsərrüfatçılarla maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində təsərrüfatçılar və fermerlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının torpağa və ətraf mühitə vurduğu zərərlər, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, suvarma suyunun düzgün idarə olunması, müasir suvarma sistemləri ilə ənənəvi suvarma üsulları arasındakı fərqlər, həmçinin taxıl biçinindən sonra yay şumunun aparılması və torpağın təkrar və payızlıq əkinlər üçün hazırlanması məsələləri barədə ətraflı məlumat verilib. Çıxışlarda əkin sahələrinin yandırılmasının qarşısının alınmasının, su ehtiyatlarından səmərəli istifadənin və aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin məhsuldarlığın artırılması baxımından əhəmiyyəti vurğulanıb. Tədbirdə Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin və “Naxçıvan Aqroservis” ASC-nin əməkdaşları da iştirak edib, fermer və təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb.