Bitməyən yurd həsrəti – Unudulmayan Qərbi Azərbaycan

Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın həyat hekayələri xalqımızın yaddaşında silinməz izlər buraxıb. Yurd həsrəti ilə yaşayan insanlarımızın dərdinə şərik olmaq məqsədilə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən Qərbi azərbaycanlılarla mütəmadi görüşlər keçirilir.

Bu gün rayon icra hakimiyyətinin əməkdaşları Culfa şəhərində yaşayan 69 yaşlı Rövşən Hümbətovun ailəsini ziyarət ediblər. Rövşən əmi bildirib ki, 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub. 1970-ci ildə, 14 yaşında ailəsi ilə birlikdə ermənilər tərəfindən doğma elindən didərgin salınaraq Culfa rayonunun Şurud kəndində məskunlaşıb, sonradan Culfa şəhərində yaşamağa başlayıb. Ziyarət zamanı Rövşən Hümbətov ailəsinin yaşadığı köç tarixindən, Qərbi Azərbaycandakı doğma kəndinin gözəlliklərindən, oradakı mehriban el-oba həyatından danışıb. Hər bir Qərbi azərbaycanlı kimi o da torpaq həsrəti ilə yaşadığını, doğma yurda qayıdış arzusunun heç zaman sönmədiyini dilə gətirib: “Oralar bizim tarixi yurdumuzdur. Ruhum orada qalıb. Gün gələcək, yenidən o torpaqlara qayıdacağıq.”