
Suverenlik hər bir xalqın azad və müstəqil yaşamaq haqqının təməlidir. Beynəlxalq hüquq normalarında dövlətin öz sərhədləri çərçivəsində daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi, heç bir xarici iradəyə tabe olmadan qərar verməsi onun suveren statusunu müəyyən edir. Suveren dövlət anlayışı məhz bu hüquqi çərçivədə formalaşır. Bu gün dünya birliyi tərəfindən tanınan Azərbaycan Respublikası da məhz beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz suverenliyini təmin edib və qorumaqdadır.
Tarix boyu Azərbaycanın yerləşdiyi strateji mövqeyi və zəngin təbii resursları bir çox imperiyaların diqqət mərkəzində olmuşdur. Bu maraq zaman-zaman ölkəmizin işğala və xarici təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Lakin xalqımız azadlıq və müstəqillik ideyalarından heç vaxt vaz keçməmiş, hər zaman öz müqəddəratını özü təyin etmək əzmini nümayiş etdirmişdir. XX əsrin sonlarında, SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi xalqımızın tarix qarşısında böyük zəfəri idi. Lakin bu yol asan olmamışdır. Azərbaycan torpaqlarının bir hissəsi uzun illər işğal altında qalmış, ölkəmizin suverenliyi kobud şəkildə pozulmuşdu. 1990-cı illərin əvvəllərində erməni millətçiləri xarici havadarlarının da dəstəyi ilə Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibəyə başlayaraq, tarixən Azərbaycan torpaqları olan Qarabağ və ətraf 7 rayonu işğal etdi. Bu hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi düşmən tapdağı altında qaldı, minlərlə soydaşımız şəhid oldu, bir miliyondan artıq insan doğma yurd-yuvasından didərgin düşdü. Beynəlxalq hüququn, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozan Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı. Ötən dövr ərzində Ermənistan lobbisinin uydurduğu yalanlara baxmayaraq dünya ictimaiyyəti erməni quldurları tərəfindən işğal olunmuş torpaqları Azərbaycanın ərazisi olaraq tanıdı. Hətta Ermənistan ordusunun qeydşərtsiz Azərbaycan torpaqlarından çıxması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edildi. Təəssüf ki, beynəlxalq havadarlarından güc alan işğalçı dövlət bu qətnamələrə məhəl qoymayaraq 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladı və bu müddət ərzində davam edən danışıqlar uğursuzluqla nəticələndi.
2020-ci il sentyabrın 27-də Ermənistanın başlatdığı II Qarabağ müharibəsi zamanı Müzəffər Ordumuz tarixə şanlı bir səhifə yazdı. Cəmi 44 gün davam edən savaşda Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə bir güllə belə atılmadan torpaqlarımızdan geri çəkildilər. 44 günlük Vətən müharibəsi zamanı Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüququn bərqərar olması və tarixi ədalətin bərpası demək idi. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Bugün artıq dünya ictimaiyyəti ölkəmizin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və ədalətə əsaslanan mövqeyini tanıyır və qəbul edir.
İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğrayan Ermənistan beynəlxalq hüquq normalarına uyğun davranmaq əvəzinə, revanşist mövqedən çıxış edərək təxribatçı fəaliyyətlərini davam etdirdi. Azərbaycan ərazisindən - Laçın vasitəsilə Ermənistandan Qarabağa qanunsuz silah-sursat daşınması, qeyri-qanuni silahlı birləşmələrin təchiz edilməsi, o cümlədən atəşkəsin mütəmadi pozulması bölgədə gərginliyi artırdı. Bütün bu addımlar Azərbaycanın suverenliyi və təhlükəsizliyinə ciddi təhdid yaratdığından təxribatların qarşısının alınması və dövlət suverenliyinin tam təmin olunması məqsədilə 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu addım Azərbaycanın öz ərazisində tam suveren nəzarətinin bərpa olunmasının simvoluna çevrildi. Ölkəmiz bu əməliyyatı bir güllə belə atmadan uğurla həyata keçirməklə növbəti tarixi nailiyyətə imza atdı və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini bir daha təsdiqlədi.
Məğlubiyyəti həzm edə bilməyən qondarma Dağlıq Qarabağ rejimi təxribatlar törədərək Azərbaycanın səbrini sınamaqda davam edirdi. Nəticədə Şanlı Ordumuz cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatına başladı və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsinə nail oldu. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenlik tam bərpa olundu.
Tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizin tarixinə yeni və qürurverici bir gün əlavə olunub – 20 sentyabr Dövlət Suverenliyi Günü. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələnin – 1991-ci ildə müstəqilliyin bərpasından başlayaraq, 2020-ci ildəki Zəfərimizə və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyin tam təmin edilməsinə qədər uzanan mübarizə yolunun məntiqi yekunudur.
PS: Suverenlik sadəcə siyasi və hüquqi anlayış deyil, o, xalqın milli kimliyi, qüruru, gələcəyinin təminatıdır.