Bənəniyar kəndində payızlıq taxıl əkinlərinin vəziyyəti ilə bağlı təsərrüfatçılarla görüş keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Bənəniyar kəndində, Xaçaparaq massivində təsərrüfatçılarla görüş keçirib. Görüşdə ərazidə payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti, əkin kampaniyasının gedişi, torpaq sahələrinin şumlanması, səpin işlərinin vaxtında və aqrotexniki tələblərə uyğun aparılması, eləcə də suvarma təminatı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatçılarla söhbət zamanı əkin mövsümündə qarşıya çıxan çətinliklər və mövcud problemlərlə maraqlanıb. Qeyd edib ki, payızlıq taxıl əkinlərinin optimal müddətdə həyata keçirilməsi, torpaq sahələrinin keyfiyyətli şumlanması və səpin prosesinin aqrotexniki qaydalara uyğun təşkili gələcək məhsuldarlığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunması üçün aqrotexniki tədbirlərin müəyyən edilmiş ardıcıllıqla həyata keçirilməsi, suvarma suyunun mövcud imkanlar nəzərə alınmaqla vaxtında və düzgün bölüşdürülməsinin vacibliyi təsərrüfatçıların diqqətinə çatdırılıb. Təsərrüfatçılar əkin sahələrinin hazırlanması, şum və səpin işlərinin təşkili, suvarma təminatı ilə bağlı mövcud vəziyyət, eləcə də qarşılaşdıqları çətinliklər barədə fikirlərini bildiriblər. Qaldırılan məsələlər diqqətlə dinlənilib, mövcud problemlərin aradan qaldırılması və payızlıq taxıl əkinlərinin vaxtında başa çatdırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilib. Təsərrüfatçılar göstərilən diqqəti məmnunluqla qarşılayaraq minnətdarlıqlarını bildiriblər və payızlıq əkin sahələrini artıracaqlarına söz veriblər.