Azadlığın ayaq səsləri

 

1980-ci illərin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində rəhbər vəzifələrdə təmsil olunan söz sahibi şəxsləri erməni ideoloqları rüşvət qarşılığında ələ alaraq, məkirli siyasətlərini həyata keçirməyə başlamışdılar. Qapalı qapılar arxasında əldə olunan razılaşmaları həyata keçirən erməni millətçiləri ilk öncə Ermənistan ərazisində yaşayan azərbaycanlıları tarixi yurdlarından qovmağa başladılar. Daha sonra sovet Ermənistanının pralamentində səsə qoyaraq Qarabağın Ermənistanın tərkibinə keçdiyini bildirdilər. Əlbəttə baş verən proseslər Azərbaycanda xoş qarşılnmadı və xalq tərəfindən böyük etiraza səbəb oldu. Məhz bundan sonra bütün Azərbaycanda, xüsusilə də paytaxt Bakıda insanlar meydanlara axın edərək Sovet rəhbərliyinə baş verən proseslərə biganə yanaşdığına görə etirazlarını bildirməyə başladılar. Ədalət çağırışlarına rəhbərlik tərəfindən məhəl qoyulmadığını görən xalq sonradan meydanlarda azadlıq şüarları səsləndiməyə başladı. Hadisələrin plana uyğun cərəyan etmədiyini görən erməni əlaltıları Azərbaycan xalqının cəsarətindən qorxaraq heç bir xəbərdarlıq etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ-nin güc strukturlarının hərbi birləşmələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhali ağır texnikalardan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Həmin gecə həyata keçirilən “Bakı əməliyyatı”na bir başa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov rəhbərlik edirdilər. Moskva tərəfindən Bakıda baş verən hadisələri nəzarət altına almaq üçün yanvar ayının 20-də gecə saat 24:00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqda gecəyarısı qərar qəbul edilsə də əhalinin bundan xəbəri olmur. Çünki,  axşam saat 18:30-da televiziya stansiyasınin enerji bloku məhz SSRİ xüsusi xidmət orqanları tərəfindən partladıldığından ölkədə televiziya yayımı kəsilir. Əhali fövqəladə vəziyyət barədə yalnız yanvarın 20-i səhər saat 05:30-da Azadlıq Radiosundan və vertolyotlardan atılmış bildirişlərdən sonra xəbər tuta bilir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 24:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilir və nəticədə 82 nəfər qətlə yetirilir, 20 nəfər isə ağır yaralanır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım və polis işçiləri də olur. Hətta fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda, yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 20 yanvar faciəsi zamanı Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Hesablamalara görə dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 miliyon 637 min 286 rubl miqdarında maddi ziyan vurulmuşdur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, 20 Yanvar faciəsində iştirak etmək üçün Azərbaycana göndərilən Sovet ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, həmçinin hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdir.

Qeyd etmək yerinə düşərdi ki, 20 Yanvar faciəsindən sonra Sovet Azərbaycanının rəhbərliyindən törədilən qanlı hadisəyə hüquqi qiymət verilməsini meydanlarda tələb edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra, bütün bu olanlara biganə yanaşaraq heç bir imkandan istifadə etmir və 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilmir, bu haqda heç bir qərar və bəyanat qəbul edilmir. Təkcə bu fakt azadlıq naminə xalqın tökülən qanını öz siyasi ambisiyaları üçün istifadə edən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzünü bütün çılpaqlığı ilə ortaya qoyur.

20 Yanvar faciəsinə ilk dəfə siyasi və hüquqi qiymət hadisədən bir gün sonra yanvar ayının 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən verilir. Dahi şəxsiyyət dinc əhaliyə qarşı törədilənlərin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların insanlara tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ümummilli Lider çıxışı zamanı qeyd etmişdir ki, “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. Bu çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, Azərbaycanda, o cümlədən bütün dünyada yayıldı və geniş əks-səda doğurdu. Sonralar Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsi haqqında danışarkən demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanmış, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilir. Həmçinin Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində respublika səviyyəsində ölkə rəhbərliyindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi tələb edilir. Təəssüf ki, bu tələb yerinə yetirilmir. Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə maraq göstərmirlər. Bəlkə də özlərində bu cəsarəti tapmırlar. Ta ki 1994-cü il martın 29-a qədər. Məhz bu tarixdə yenə də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilir. Milli Məclisin həmin Qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”. 

Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün Sovet ordu birləşmələri tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil və 100-dək avtomobil təqdim edilib.

 

P.S 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb!