
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha regionda yaranmış yeni reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Xarici diplomatların Azərbaycanın bu ərazilərinə səfər etməsi tamamilə təbii və qanuni prosesdir. Onlar Azərbaycan ərazisində, Azərbaycanın suverenliyi və qanunvericiliyi çərçivəsində hərəkət edirlər. Lakin bu adi və hüquqi səfərin Ermənistan cəmiyyətinin müəyyən dairələrində yaratdığı narahatlıq göstərir ki, ölkədə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması reallığı ilə barışmaq istəməyən qüvvələr hələ də kifayət qədər fəaldır.
Əslində, Ermənistanın bu reaksiyası yeni deyil. Sadəcə olaraq, revanşist düşüncə müxtəlif formalarda özünü yenidən göstərir. Xarici diplomatların Azərbaycanın ərazisinə səfərinə etiraz etmək, onları hədəfə almaq və bu səfəri siyasi müzakirə predmetinə çevirmək Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Ortada olduqca sadə bir həqiqət var: Qarabağ Azərbaycanın suveren ərazisidir və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkənin istənilən bölgəsinə səfər etməsi onların təmsil etdikləri dövlətlərin mövqeyinə uyğun legitim fəaliyyətdir. Bu səfərin Ermənistanı narahat edən əsas tərəfi də məhz budur. Çünki diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul olunmuş reallığını bir daha nümayiş etdirir. Ermənistanın bəzi dairələri isə hələ də özlərinin illər əvvəl formalaşdırdıqları siyasi və ideoloji təsəvvürlərlə bugünkü reallıq arasında seçim etmək məcburiyyətindədirlər.
Bu reaksiyalarda diqqət çəkən digər məqam tarixin siyasiləşdirilməsi və tarixi-mədəni irsə münasibətdə ikili standartların nümayiş etdirilməsidir. Ermənistan cəmiyyətinin bəzi nümayəndələri Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni irsi kimi təqdim edir, lakin eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi və mədəni irsin mövcudluğunu inkar etməyə çalışırlar. Əgər bir xalqın tarixi irsinə hörmətlə yanaşmaq tələb olunursa, bu prinsip bütün xalqlara münasibətdə eyni olmalıdır.
Qarabağdakı Qafqaz Albaniyası irsinə münasibət də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qafqaz Albaniyası Cənubi Qafqazın qədim tarixində mühüm yer tutan dövlətlərdən biridir və onun Azərbaycan ərazisində zəngin maddi-mədəni irsi mövcuddur. Bu irsin mövcudluğunu inkar etmək, tarixi faktları müasir siyasi mübahisələrin predmetinə çevirmək və onları yalnız etnik qarşıdurma çərçivəsində izah etmək tarixi həqiqətə deyil, siyasi məqsədlərə xidmət edir.
Azərbaycan öz ərazisindəki tarixi və mədəni irsin qorunmasına məsuliyyətlə yanaşır. Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış, zədələnmiş və baxımsız vəziyyətə salınmış abidələrin bərpası istiqamətində görülən işlər də bunun göstəricisidir. Tarixi irsin qorunması yalnız bu günə deyil, gələcək nəsillərə qarşı da məsuliyyətdir. Təəssüf doğuran əsas məsələlərdən biri isə Ermənistan daxilində revanşist ritorikanın hələ də siyasi və informasiya mühitində özünə yer tapa bilməsidir. Son hadisələr göstərir ki, bu, yalnız ayrı-ayrı radikal şəxslərin və ya qrupların mövqeyi ilə məhdudlaşmır. Müxtəlif yazı və paylaşımların hakimiyyətə yaxın informasiya resurslarında da yayılması Ermənistan hakimiyyətinin bu prosesə münasibəti barədə haqlı suallar yaradır. Əgər rəsmi İrəvan sülhə sadiqdirsə, o zaman cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirən və Azərbaycanın suverenliyinə qarşı yönəlmiş kampaniyalara aydın münasibət bildirməlidir.
Ermənistan parlamentinin sədri Ruben Rubinyanın məsələyə münasibəti də bu baxımdan yolverilməzdir. Azərbaycanın suveren ərazisində xarici diplomatların səfərinə münasibət bildirmək Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması kimi qiymətləndirilə bilər. Eyni zamanda, sentyabrın 14-də Ermənistan parlamentində 12–13 sentyabr 2022-ci il hadisələri zamanı həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də həmin hadisələrə birtərəfli siyasi yanaşmanın göstəricisidir. Halbuki həmin tarixlərdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində baş vermiş hərbi toqquşmalar Azərbaycanın öz ərazisini və təhlükəsizliyini qorumaq üçün cavab tədbirləri görməsi ilə nəticələnmişdi.
Bu kimi addımlar Ermənistan cəmiyyətində müharibə psixologiyasının aradan qaldırılmasına deyil, əksinə, onun qorunub saxlanmasına xidmət edir. Sülh istəyən cəmiyyət keçmişdə baş vermiş münaqişələri gələcəyin siyasi ideologiyasına çevirməməlidir. Həlak olan insanların xatirəsinə hörmət etmək təbii olsa da, bu xatirənin revanşist siyasi ritorikanın alətinə çevrilməsi regionda sülh mühitinə zərər vurur.
Bütün bunlar Ermənistanın sülh prosesində nə dərəcədə səmimi olduğu barədə sualları yenidən gündəmə gətirir. Ermənistan 2020-ci il müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul etməyə məcbur olub. 2023-cü ildən sonra isə Qarabağ məsələsinin əvvəlki formatda davam etdirilməsi üçün siyasi və hüquqi imkanlar tamamilə aradan qalxıb. Buna görə də bu gün Ermənistan qarşısında duran əsas məsələ keçmişə qayıtmaq deyil, mövcud reallıqları qəbul edərək gələcəyə baxmaqdır.
Lakin bunun üçün ilk növbədə cəmiyyətdəki revanşist düşüncə ilə açıq şəkildə hesablaşmaq lazımdır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib, digər tərəfdən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən fəaliyyətlərə etiraz etmək səmimi siyasi mövqe təsiri bağışlamır.
Bu kontekstdə Qərbi Azərbaycandakı Azərbaycan irsinin taleyinə də diqqət yetirmək vacibdir. İndiki Ermənistan ərazisində azərbaycanlıların əsrlər boyu yaşadığı çoxsaylı yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, tarixi binalar və digər mədəni irs nümunələri mövcud olub. Bu irsin böyük hissəsinin dağıdılması, dəyişdirilməsi və ya tarixi mənsubiyyətinin inkar edilməsi Azərbaycan xalqının həmin ərazilərdəki çoxəsrlik tarixi izlərinin silinməsinə gətirib çıxarıb.
Belə olan halda Ermənistanın Azərbaycanın ərazisindəki tarixi irslə bağlı nümayiş etdirdiyi həssaslıq daha çox sual doğurur. Mədəni irs məsələsində əsas prinsip dəyişməməlidir: hansı xalqa məxsus olmasından asılı olmayaraq tarixi abidə qorunmalıdır. Bir tərəfdən tarixi irsin qorunmasını tələb edib, digər tərəfdən başqa xalqın mədəni izlərini silmək cəhdləri beynəlxalq hüququn ruhuna ziddir. 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq prinsipləri də mədəni sərvətlərin münaqişələrdən qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır.
Bu gün Ermənistanın bəzi siyasi və ictimai dairələrinin Qarabağ və Şərqi Zəngəzura səfər edən xarici diplomatlara qarşı göstərdiyi reaksiya əslində bir səfərdən daha böyük məna daşıyır. Bu reaksiya Ermənistan cəmiyyətinin müəyyən hissəsində köhnə siyasi təsəvvürlərin hələ də yaşadığını göstərir. Halbuki region artıq əvvəlki region deyil. Qarabağ Azərbaycanın suveren ərazisidir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu reallıq artıq mübahisə predmeti deyil.
İndi qarşıda duran əsas məsələ bu reallığı qəbul etmək və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün yeni səhifə açmaqdır. Bunun üçün Ermənistanın revanşist ritorikadan, tarixi siyasiləşdirmək cəhdlərindən və qonşu dövlətin daxili işlərinə müdaxilə xarakterli bəyanatlardan uzaqlaşması vacibdir.
Çünki həqiqi sülh yalnız silahların susması ilə yaranmır. Sülh həm də düşüncələrin dəyişməsini, tarixi həqiqətlərin qəbul edilməsini və qonşu dövlətlərin suverenliyinə hörmət edilməsini tələb edir. Ermənistan qarşısında duran əsas seçim də məhz budur: keçmişin revanşist düşüncəsinə qayıtmaq, yoxsa regionun gələcəyini sülh və qarşılıqlı hörmət üzərində qurmaq.