Azərbaycan və Özbəkistan xalqlarını qardaşlıq, dostluq və ehtiram birləşdirir

Azərbaycanla Özbəkistanı birləşdirən əlaqələr dərin tarixi, mədəni və mənəvi köklərə söykənir. Eyni zamanda, son illərdə bu münasibətlər siyasi iradə, qarşılıqlı etimad və konkret iqtisadi layihələrlə daha da zənginləşərək strateji xarakter alıb. Prezident İlham Əliyevin Daşkənddə mətbuata verdiyi bəyanat da məhz bu reallığı əks etdirirdi.

Azərbaycan Prezidentinin səfər zamanı xüsusi vurğuladığı məsələlərdən biri Özbəkistanın son illərdə qazandığı böyük inkişaf dinamikası oldu. Dövlətimizin başçısı qeyd etdi ki, Daşkəndə hər səfər etdikdə şəhərin və bütövlükdə ölkənin sürətli inkişafının yeni mənzərəsi ilə qarşılaşır. Bu inkişafı həm böyük layihələrdə, həm də gündəlik həyatın ayrı-ayrı detallarında müşahidə etmək mümkündür. Özbəkistanın bugünkü siması əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Sənaye və kənd təsərrüfatının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, energetika və nəqliyyat infrastrukturunun yenilənməsi, investisiyaların cəlb edilməsi ölkənin iqtisadi potensialını daha da gücləndirib. Bu dəyişikliklər Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısı qeyd etdi ki, Şavkat Mirziyoyev ölkəyə rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə fərqli idi. Qarşıda duran əsas vəzifələrdən biri iqtisadi inkişaf üçün zəruri təməlin formalaşdırılması, iqtisadiyyatın və sənayenin şaxələndirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və ölkənin böyük potensiala malik sahələrinə investisiyaların cəlb olunması idi. Bu gün isə artıq tamamilə fərqli Özbəkistan mövcuddur. Beynəlxalq aləmdə böyük hörmət qazanan, sənayesi inkişaf edən, energetika və nəqliyyat infrastrukturu yenilənən, iqtisadi potensialını sürətlə artıran Özbəkistan regionun mühüm inkişaf mərkəzlərindən birinə çevrilir. Azərbaycan–Özbəkistan münasibətlərinin sürətlə inkişaf edən istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. İki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması qarşıya qoyulan mühüm hədəflərdəndir. Həmçinin əlamətdar məqam ondan ibarətdir ki, bu gün artıq söhbət həmin göstəricidən uzaq və əlçatmaz bir məqsəd kimi deyil, yaxın illərdə əldə ediləcək real nəticə kimi gedir. Bu isə iki ölkənin iqtisadiyyatlarının paralel inkişafının, qarşılıqlı maraqların və yaradılmış möhkəm iqtisadi bazanın göstəricisidir. Əgər son illərdə formalaşdırılmış siyasi etimad və iqtisadi təməl olmasaydı, bu qədər genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi mümkün olmazdı. Hazırda isə Azərbaycan və Özbəkistan bir-birinin iqtisadi potensialından yararlanaraq yeni əməkdaşlıq imkanları yaradır.

 Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının əsas üstünlüklərindən biri onun çoxşaxəli olmasıdır. İki ölkə arasında əməkdaşlıq energetikadan nəqliyyata, investisiyalardan turizmə, avtomobil sənayesindən kənd təsərrüfatına, dağ-mədən sektorundan emal sənayesinə, bankçılıqdan neft-qaz layihələrinə qədər geniş bir spektri əhatə edir. Bu gün Azərbaycan və Özbəkistan yalnız ticarət edən iki tərəfdaş deyil, birgə investisiya qoyan, istehsal yaradan, yeni sənaye sahələri formalaşdıran və uzunmüddətli layihələr həyata keçirən ölkələrdir.

Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarında fəaliyyətə başlaması, neft və qaz kəşfiyyatı sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsi bunun konkret nümunələridir. Neft-qaz layihələri üzrə kəşfiyyat işlərinin artıq son mərhələyə çatması və gələn il istismar quyularının qazılmasına başlanmasının nəzərdə tutulması energetika sahəsində əməkdaşlığın perspektivlərini daha da artırır. Avtomobil sənayesi, kənd təsərrüfatı, emal sektoru, turizm, dağ-mədən və digər sahələrdə həyata keçirilən layihələr isə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni imkanlar açır.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri qarşılıqlı investisiyalardır. Azərbaycan və Özbəkistanın iqtisadi potensialı investisiya layihələri üçün geniş imkanlar yaradır. Bu baxımdan investisiya fondlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Artıq investisiya fondunun üçdə birinin konkret layihələrlə təmin edilməsi, Azərbaycanın turizm infrastrukturu və avtomobil sənayesinə Özbəkistan tərəfindən investisiyaların yönəldilməsi əməkdaşlığın real miqyasını göstərir.

İnvestisiyaların əsasən dost və qardaş ölkələrə, əlverişli biznes və investisiya mühitinin formalaşdığı dövlətlərə yönəldilməsi təsadüfi deyil. Özbəkistanın son illərdə həyata keçirdiyi islahatlar ölkədə belə bir mühitin yaradılmasına imkan verib. Azərbaycan da öz növbəsində Özbəkistan üçün etibarlı və perspektivli tərəfdaş olaraq bu prosesdə fəal iştirak edir.

Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi dəyərini göstərən ən parlaq nümunələrdən biri Özbəkistanın Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirakıdır. Prezident İlham Əliyev xüsusi olaraq Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində müstəsna rolunu qeyd etdi. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın bərpa-quruculuq prosesinə verdiyi töhfənin bariz nümunələridir. Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələr yalnız iqtisadi və sosial əhəmiyyət daşımır. Bu layihələr həm də iki qardaş xalqın həmrəyliyinin, Azərbaycanın haqq işinə göstərilən dəstəyin və tarixi dostluğun real ifadəsidir. Bu gün Qarabağda və Azərbaycanın digər bölgələrində Özbəkistanla bağlı yeni qarşılıqlı fəaliyyət planlarının mövcud olması da münasibətlərin uzunmüddətli xarakter daşıdığını göstərir.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni mərhələsinin mühüm xüsusiyyətlərindən biri də əməkdaşlığın yalnız Bakı və Daşkəndlə məhdudlaşmamasıdır. Regionlararası əməkdaşlıq getdikcə daha geniş vüsət alır. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətlərarası münasibətlərin möhkəmlənməsi ilə yanaşı, şəhərlər və regionlar arasında birbaşa əlaqələrin qurulması da iqtisadi əməkdaşlığın yeni imkanlarını üzə çıxarır.

Artıq müxtəlif layihələr Azərbaycanın və Özbəkistanın ayrı-ayrı regionlarında həyata keçirilir. Bu proses iki ölkənin biznes dairələrini, sahibkarlarını və yerli idarəetmə strukturlarını daha sıx əməkdaşlığa cəlb edir. Beləliklə, Bakı–Daşkənd münasibətləri ilə yanaşı, Azərbaycan regionları ilə Özbəkistanın şəhər və vilayətləri arasında da yeni əməkdaşlıq xəritəsi formalaşır.

Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyəti iki ölkənin sərhədlərindən daha geniş coğrafiyanı əhatə edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin sürətlə inkişaf etməsi regionlararası əməkdaşlıq üçün yeni perspektivlər yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya böyük potensiala və daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi formalaşır. Nəqliyyat, energetika, ticarət və investisiya layihələri bu məkanı bir-birinə daha sıx bağlayır. Azərbaycan üçün Mərkəzi Asiya mühüm iqtisadi və strateji tərəfdaşlıq istiqamətidir. Özbəkistan üçün isə Azərbaycan Avropaya, Qafqaza və digər beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirən mühüm tərəfdaşdır. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın inkişafı yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Daşkənd səfərinin ən yaddaqalan hadisələrindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət təltifləri ilə təltif olunması idi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Prezident İlham Əliyev isə Özbəkistan dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etdi. Bu ordenlər sadəcə dövlət təltifi deyil, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı etimadın rəmzidir.

Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif olunması onun Azərbaycan–Özbəkistan dostluğunun, qardaşlığının və müttəfiqlik münasibətlərinin inkişafındakı xidmətlərinə verilən yüksək qiymətdir. Eyni zamanda, Prezident İlham Əliyevin “Dostluq” ordeni ilə təltif edilməsi Özbəkistanın Azərbaycan dövlətinin başçısına və onun iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi səylərə olan böyük ehtiramının ifadəsidir. Bu mənada ordenlər iki ölkə liderləri arasındakı şəxsi dostluq və etimadın, daha geniş anlamda isə Azərbaycan və Özbəkistan xalqları arasında qardaşlığın rəmzinə çevrilir.

Azərbaycan və Özbəkistan münasibətlərində mühüm məqam yalnız əldə olunan nəticələr deyil, qarşıda duran konkret planların mövcudluğudur. Energetika, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, bankçılıq və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrin hər biri konkret iqtisadi məzmun daşıyır və iki ölkənin inkişafına töhfə verməyə hesablanıb.

Daşkənddə keçirilən səfər çərçivəsində bir sıra layihələrin açılışının və yeni layihələrin təməlinin qoyulmasının özü də əməkdaşlığın praktiki xarakterini nümayiş etdirir. Bu gün Azərbaycan və Özbəkistan artıq görüləcək işləri ümumi ifadələrlə deyil, konkret layihələr, investisiya proqramları və fəaliyyət planları ilə müəyyənləşdirirlər.

Azərbaycan–Özbəkistan münasibətlərinin gücü həm mənəvi, həm də maddi təmələ söykənməsindədir. Tarix, dil, mədəniyyət və milli dəyərlərin yaxınlığı siyasi iradə və iqtisadi maraqlarla tamamlanır. Bu münasibətlərdə iki dövlətin qarşılıqlı inkişafı mühüm amildir. Azərbaycan və Özbəkistan öz potensiallarını birləşdirərək yalnız ikitərəfli əlaqələri deyil, daha geniş regional əməkdaşlığı da gücləndirirlər.

Prezident İlham Əliyevin Daşkənd səfəri bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yeni inkişaf mərhələsindədir. Bu münasibətlərin arxasında möhkəm siyasi iradə, qarşılıqlı etimad, iqtisadi maraqlar və xalqlarımızın əsrlər boyu formalaşmış qardaşlıq bağları dayanır. Bu gün Bakı ilə Daşkənd arasında qurulan əməkdaşlıq Türk dünyasının birlik və həmrəyliyinin mühüm nümunələrindən biridir. Qarşılıqlı investisiyalar, yeni sənaye və nəqliyyat layihələri, Qarabağın bərpasında birgə fəaliyyət, regionlararası əlaqələrin genişlənməsi və Mərkəzi Asiya ilə Azərbaycan arasında artan inteqrasiya bu tərəfdaşlığın gələcəkdə daha böyük nəticələr verəcəyinə əsas yaradır.

Daşkənddə səslənən fikirlər və atılan addımlar bir həqiqəti bir daha təsdiqləyir: Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız bu günün uğurlarına deyil, gələcəyin böyük hədəflərinə hesablanıb. Bu yolun təməlində Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən sarsılmaz qardaşlıq, dostluq və qarşılıqlı ehtiram dayanır.