Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

 

Ölkəmizdə uzun illərdir həyata keçirilən sosial-iqtisadi layihələr insanların həm məşğulluq, həm də gəlir səviyyəsinin artmasına müsbət təsir göstərib. Bu fikiri yollarda durmadan artan minik avtomobillərinin sayı da təsdiq edir. Lakin istənilən inkişaf hər zaman bir sıra problemlərin yaranmasına da səbəb olur. Belə ki, əsasən paytaxt Bakıda əhalinin artması və buna paralel olaraq istifadə olunan avtomobil sayının çoxalması nəticəsində yollardakı sıxlıqlar insınların mənzil başına çatmasında müəyyən maneələr yaradır və bütün bunlar da əhali arasında haqlı narazalığa səbəb olur. Məhz paytaxtımızda yaranan bu problemlərin aradan qaldırılması üçün yanvarın 28-də Prezidenti ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev biildirib ki, “Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.  Nəzəzrə alsaq ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq”.

Cənab Prezident çıxışı zamanı son illər baş verən geo-siyasi proseslərin mövzu ilə paralelliyinə diqqət çəkərək qeyd edib ki, “Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük. Görülən işlərin nəticəsidir ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Həmçinin bu gün müzakirə olunan Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmaması üçün müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Əlbəttə bugün biz Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlarımız da var. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı “baypas” edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq”.

Ölkə başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikası ilə əlaqəni asanlaşdırmaq üçün ikinci körpü də inşa ediləcək. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Prezident işğaldan azad edilmiş ərazilərdə görülən işlər haqqında danışarkən qeyd edib ki, “Burada görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. İndi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb. Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə gəlincə, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri müzakirə edək və təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər”.

Bir sözlə, nəqliyyatla bağlı keçirilən müşavirə bir daha onu göstərdi ki, respublikamızın Prezidenti cənab İlham Əliyev bütün sahələrə xüsisi diqqətlə yanaşır və bunun nəticəsidir ki, Azərbaycan günü-gündən inkişaf edir.