Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsində

2025-ci il iyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda keçirilən görüşü iki ölkə arasındakı münasibətlərin tarixində yeni bir səhifə açdı. Dövlət başçılarının birgə bəyanatları, ikitərəfli müzakirələrin nəticələri və qarşılıqlı anlaşma ab-havası, Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin nə dərəcədə möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi. Sübut olundu ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq, strateji müttəfiqliyə və ortaq regional güc mərkəzlərinin formalaşdırılmasına yönəlib. 2025-ci il iyulun 2-də Bakı şəhərində baş tutan görüş bu münasibətlərin yeni inkişaf mərhələsinin əsasını qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında xatırlatdı ki, 2023-cü ildə Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ölkələr arasında münasibətlərin ən ali hüquqi-siyasi mərhələsini təsdiq edib. Bu sənəd sadəcə rəsmi razılaşma deyil, eyni zamanda, qarşılıqlı etimad və birgə inkişaf üçün strateji yol xəritəsidir. Artıq iki ildir ki, Azərbaycan və Özbəkistan beynəlxalq aləmdə bir-birini fəal şəkildə dəstəkləyir, bir çox sahələrdə konkret layihələr həyata keçirir.

İlham Əliyev, Özbəkistan futbol yığmasının dünya çempionatının final mərhələsinə yüksəlməsi münasibətilə Prezident Mirziyoyevi və qardaş ölkənin xalqını təbrik etdi. Bu uğur təkcə idman qələbəsi deyil, eyni zamanda, ölkədə həyata keçirilən gənclər siyasətinin, təlim-tərbiyə strategiyasının və rəhbərliyin məqsədyönlü inkişaf kursunun nəticəsidir.

Azərbaycan lideri Özbəkistanın sosial, iqtisadi və beynəlxalq nüfuz baxımından sürətli yüksəlişini yüksək qiymətləndirdi. Dövlət başçısının sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar nəticəsində sosial həyatın əsas istiqamətlərində mühüm irəliləyişlər baş verir, beynəlxalq maliyyə institutları tərəfindən də Özbəkistan investisiya üçün ən cəlbedici məkanlardan biri kimi dəyərləndirilir.

Görüş zamanı təqdim edilən hesabatlara əsasən, Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu çərçivəsində artıq 10-dan çox layihənin investisiya qərarının qəbul mərhələsində olduğu bildirilib. İlkin olaraq 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə təsis olunmuş Fondun əhatə etdiyi sahələr – energetika, tikinti, kənd təsərrüfatı, mehmanxana biznesi və digər sektorlardır. İlham Əliyev bildirib ki, bu yalnız başlanğıcdır və qarşılıqlı sərmayələr yaxın illərdə bir neçə dəfə artacaq.

Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin gələcək imkanlarını nəzərə alaraq, Mərkəzi Asiya ilə Xəzər üzərindən Qərbə çıxışı olan yeni nəqliyyat infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın mövcud logistik imkanlarının bu marşrut üzrə yükləri qəbul etməyə tam hazır olduğu bildirilib. Tərəflər nəqliyyat siyasətinin həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsindəki zəngin təcrübəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Görüşdə hər iki ölkədə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə böyük layihələr ayrıca müzakirə edilib. İlham Əliyev bu sahədə texnologiya və investisiya transferinin vacibliyini vurğulayıb.

Azərbaycan Prezidenti, Qarabağın bərpasında göstərdiyi fəal mövqe və ilk təşəbbüskar ölkə olduğu üçün Özbəkistana və Prezident Mirziyoyevə şəxsən dərin təşəkkürünü bildirib. Füzuli şəhərində Özbəkistan tərəfindən tikilmiş Mirzə Uluqbəy adına məktəb azad edilmiş ərazilərdə ilk sosial təhsil obyekti kimi tarixə düşüb. Bundan əlavə, Xankəndi şəhərində özbək sərmayələri ilə yaradılmış tikiş fabrikində 200-dən çox insan işlə təmin olunub. Bu layihələr həm sosial rifahın, həm də sənaye potensialının bərpasına mühüm töhfədir.

Bakı şəhərinin mərkəzində yerləşən yeni Özbəkistan səfirliyi binasının açılışı dövlətlərarası münasibətlərin diplomatik müstəvidə də yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu bina Prezident Heydər Əliyev tərəfindən ayrılmış strateji ərazidə yerləşir. Bununla yanaşı, "Ağ şəhər" layihəsinin tam mərkəzində, 5 hektarlıq ərazidə yaradılacaq “Özbəkistan” parkı, Azərbaycan və Özbəkistan dostluğunun mədəni və ictimai simvoluna çevriləcək. Parkın təməli artıq qoyulub və gələcəkdə həm Bakılılar, həm də turistlər üçün cazibədar bir məkana çevrilməsi gözlənilir.