Azərbaycan - Latviya münasibətləri yeni müstəvidə

2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə liderinin görüşü ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ oldu. Bakıda keçirilən təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan-Latviya biznes-forumunda tərəflər iqtisadiyyat, nəqliyyat, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdilər.

Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi münasibətlər üçün möhkəm hüquqi zəmin yaradıb. Bir həftə əvvəl Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası da əməkdaşlığın praktiki müstəvidə necə inkişaf etdiyini göstərir. Cəmi bir həftə əvvəl çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək".

Cənab Prezident qeyd etdi ki, “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”.

Ölkəmizin başçısı çıxışı zamanı qildirdi ki “Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm”.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, “Cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Cənab İlahm Əliyev sonda vurğuladı ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Bunun da mühüm hissəsini cənab Prezident Edqars Rinkeviçlə olan şəxsi münasibətlərimiz təşkil edir.