Azərbaycan-Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bəyanatında iki ölkə arasında uzun illərdir davam edən dostluq münasibətlərinin mövcud vəziyyətini dəyərləndirib, siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, təhsil, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.

Prezident İlham Əliyevin bəyanatı Azərbaycan ilə Laos arasında münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, qarşılıqlı maraqlara əsaslanan konkret iqtisadi və humanitar layihələr vasitəsilə daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. Dövlət başçısının səsləndirdiyi fikirlərdə əsas diqqət mövcud əməkdaşlıq potensialının reallaşdırılmasına, qarşılıqlı investisiyaların təşviqinə və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib.

Cənab Prezident Laos Prezidenti ilə keçirilən görüşün əhəmiyyətini vurğulayaraq bildirib ki, tərəflər arasında aparılan müzakirələr ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Dövlət başçısı qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətini xüsusi qeyd edərək deyib: “Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasətində dost ölkələrlə münasibətlərin qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulması mühüm yer tutur. Laosla əlaqələrin inkişafı da bu yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Ölkəmizin başçısı bildirib ki, “Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır”.

Prezident İlham Əliyev iki ölkə arasında mövcud ticarət dövriyyəsinin potensiala uyğun olmadığını bildirərək iqtisadi əlaqələrin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı bu barədə deyib: “Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi”. Bu yanaşma Azərbaycan ilə Laos arasında iqtisadi münasibətlərin yeni mərhələyə yüksəldilməsi zərurətini ortaya qoyur. Mövcud imkanların araşdırılması, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi və biznes dairələrinin fəallığının artırılması ticarət dövriyyəsinin yüksəldilməsinə töhfə verə bilər. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu da bu baxımdan mühüm platforma kimi qiymətləndirilir. Forumun işgüzar dairələr arasında əlaqələrin qurulmasına, potensial tərəfdaşların müəyyənləşdirilməsinə və konkret layihələrin müzakirəsinə şərait yaradacağı gözlənilir.

Prezident İlham Əliyev Azərbaycanın Laos tərəfindən təqdim ediləcək investisiya layihələrinə maraq göstərməyə hazır olduğunu da bildirib. Bu, iqtisadi əməkdaşlığın yalnız mal və xidmət mübadiləsi ilə məhdudlaşmadığını, uzunmüddətli investisiya tərəfdaşlığının da nəzərdə tutulduğunu göstərir.

Ölkəmizin başçısı Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşunun ildən-ilə genişləndiyini vurğulayaraq qeyd edib ki, investisiyalar həm maliyyə tutumuna, həm də coğrafi əhatəsinə görə inkişaf edir. Bu sərmayələr yeni iş yerlərinin açılmasına, istehsal sahələrinin formalaşmasına və iqtisadi fəallığın artmasına şərait yaradır.

Azərbaycan-Laos münasibətlərinin diqqətçəkən istiqamətlərindən biri də təhsil sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev çıxışında sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladıb və bu ənənənin bərpa olunmasını təklif edib. Cənab Prezident çıxışında bildirib ki, “Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək”. Bu təşəbbüs iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsi, gənclər arasında qarşılıqlı anlaşmanın artırılması və təhsil sahəsində yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir. Təqaüd mexanizmlərinin tətbiqi laoslu gənclərin Azərbaycanda ali təhsil almasına şərait yarada bilər.

Azərbaycan ilə Laos arasında müzakirə olunan mühüm istiqamətlərdən biri də nəqliyyat və logistika əlaqələridir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazisində əsas nəqliyyat-logistika layihələri artıq reallaşdırılıb və hazırda diqqət yükdaşımaların həcminin artırılmasına, yeni yük mənbələrinin müəyyənləşdirilməsinə yönəlib. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi də gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarını genişləndirə bilər. Bu layihələrin tamamlanması iki ölkə arasında birbaşa və dolayı ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər. Müasir beynəlxalq ticarətdə nəqliyyat dəhlizlərinin əhəmiyyəti getdikcə artır. Yüklərin daha səmərəli və etibarlı marşrutlarla daşınması ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsinə, logistika xərclərinin optimallaşdırılmasına və yeni bazarlara çıxışın asanlaşmasına şərait yaradır.

Azərbaycan Prezidentinin bəyanatı ölkəmizin dost dövlətlərlə münasibətlərin genişləndirilməsinə, iqtisadi tərəfdaşlığın gücləndirilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarından səmərəli istifadəyə əsaslanan xarici siyasət kursunun ardıcıl şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Azərbaycan-Laos münasibətlərinin yeni mərhələyə yüksəldilməsi hər iki ölkənin mövcud potensialından daha geniş istifadə olunmasına və qarşılıqlı faydaya əsaslanan uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edə bilər.